Son zamanlar Astarada sitrus bağlarının salınması intensiv xarakter alıb. SİA-nın məlumatına görə, 2 gün ərzində rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə subtropik meyvəçiliyinin inkişafı, sitrus bağlarının sağlam formada yetişdirilməsi, mövcud problemlər və qarşıda duran vəzifələrin həyata keçirilməsi məqsədilə rayonun Siyaku kəndində maarifləndirici tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin dəvəti ilə rayona gəlmiş Türkiyənin Çukurova Universitetinin Subtropik meyvələr araşdırma və uyğulama mərkəzinin direktoru, böyük təcrübə sahibi, professor Səlahəddin Baloğlu tədbir iştirakçılarına subtropik mevəçiliyi ilə əlaqədar geniş məlumat verib. Rayonun fermer və sahibkarlarının, sitrusçuluqla məşğul olan iş adamlarının, fərdi təssərrüfatların nümayəndələrinin iştirak etdiyi maarifləndirici tədbirdə rayona yeni gətirilərək inkişaf etdirilən yapon sortu olan narıngi, limon və portağalın yetişdirilməsi, onlara aqrotexniki qulluğun göstərilməsi, xəstəlikləri və bu xəstəliklərlə mübarizə tədbirlərindən danışılmış, geniş fikir mübadiləsi aparılıb. Alim bu bitkilərə tələb olunan qaydada düzgün aqrotexniki qulluğun göstərilməsi, məhsuldarlığın artırılması və yüksək keyfiyyətə nail olmağın səmərəli üsulları barədə iştirakçılara geniş bilgi verib. Digər meyvələrdən fərqli olaraq subtropik meyvələrinin yığımdan bir neçə ay sonra saxlanıla bilməsi, daşınmasının asan olması subtropik meyvəçiliyi ilə məşğulluğun səmərəliliyini xeyli artırır.

Professor Səlahəddin Baloğlu Astarada sitrus bağları ilə yaxından tanış olduğunu, əkin sahələrinin bu iqlimə uyğunluğunu və Astarada sitrusçuluğun sürətlə inkişafının şahidi olduğunu qeyd edib. Bu sahəni daha da inkişaf etdirmək, mövcud problemləri aradan qaldırmaq məqsədilə əkin, becərmə, budama, gübrələmə, suvarma, şumlama və sitrus meyvə bağlarının zərərvericilərdən qorunması məqsədilə tövsiyələrini verib. Qeyd olunub ki, artıq Azərbaycandan 5 tələbə Çukurova Universitetində təhsil alır. Azərbaycanlı gənclərin Türkiyə Respublikasının ali təhsil müəssisələrində təhsil almasına gələcəkdə də hər cür köməklik olunacağı, məsləhətləşmələrin və maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Türkiyədə yetişdirilən sitrus bağlarından nümayiş etdirilən geniş fotoslaydlar tədbir iştirakçılarının marağına səbəb olub.
Professor Səlahəddin Baloğlu yeni salınmış sitrus meyvə bağlarına baxış keçirib, çayçılıq təsərrüfatlarında olub, fermerləri, sahibkarları, subtropik meyvəçiliyi ilə məşğul olan fərdi təsərrüfat sahiblərini düşündürən məsələlər barədə onlarla ətraflı fikir mübadiləsi aparıb.
Türkiyənin Çukurova Universiteti ilə əməkdaşlığın rayonda sitrusçuluğun inkişafına müsbət təsir göstərəcəyi qeyd olunub, dəvəti qəbul edib Astara rayonunda subtropik meyvəçiliyinin inkişafına həsr olunmuş
maarifləndirici tədbirdə iştirak etdiyinə görə Professor Səlahəddin Baloğluna minnətdarlıq edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB