“Bəzi sahibkarlar təhlükəli qidanın idxalı ilə məşğuldurlar”

“Bəzi sahibkarlar təhlükəli qidanın idxalı ilə məşğuldurlar”

"Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında məqsəd ondan ibarətdir ki, ölkədə bu sahədə mövcud olan bütün problemlər öz həllini tapsın". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, ilk növbədə insanları sağlam qida ilə təmin etmək üçün vacib mexanizmlər yaradılmalıdır: "Bura qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş, müvafiq qurumun formalaşdırılmasına qədər olan məsələlər daxildir. Qarşımızda duran digər məsələ isə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı ilə bağlı mexanizmin formalaşırılmasından ibarətdir. Bu da bilavasitə qida təhlükəsizliyi ilə əlaqədar olan məsələdir. Müvafiq komissiya və gələcəkdə yaradılacaq agentlik bütün bu məsələlərlə çox ciddi şəkildə məşğul olacaq".

Baş nazirin müavini deyib ki, narahatedici məqam odur ki, bəzi sahibkarlar vicdan hisslərini itiriblər və təhlükəli qidanın idxalı ilə məşğuldurlar: "Güman edirəm ki, həm komissiyanın fəaliyyəti, həm də müvafiq qurumların görəcəyi ən sərt təbirlər nəticəsində bunun qarşısı alınacaq. Mən istəyərdim ki, bütün bu məsələlərin müsbət həlli üçün ictimai nəzarət mexanizmi də öz rolunu oynasın, insanlar gərək dövlətə dəstək olsun. İctimai nəzarət dövlətin qarşısına qoyduğu məqsədlərə çatmaqda mühüm rol oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə