Sədaqət Vəliyeva: "Azərbaycan və İran əməkdaşlığı region üçün əhəmiyyətlidir"
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün ölkəmiz Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə yüksək səviyyədə əlaqələr qurub. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə qurulan ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları regionda sabit inkişaf və təhlükəsizlik atmosferi formalaşdırıb: "Elə Azərbaycan-İran əməkdaşlığı da regionun təhlükəsizliyi və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Son müddət ərzində iki ölkə arasında iqtisadi əlaqələr daha da genişlənib. Bu iqtisadi münasibətlərin səmərəlilik dərəcəsinin dəfələrlə artmasının birinci faktoru kimi "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində Astara (Azərbaycan)-Astara (İran) dəmir yolunun işə başlamağa hazır olmasını göstərmək olar. Digər tərəfdən, Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarının fəaliyyətə başlamasını da xüsusi məqam kimi diqqətə çatdırmaq lazımdır. Bütün deyilənlərlə yanaşı, Xudafərin Su Elektrik Stansiyasının təkmilləşdirilməsi, Araz çayı üzərində yeni su elektrik stansiyasının tikilməsinə dair sazişlər, Neftçala Sənaye Məhəlləsində Azərbaycanla İranın müştərək avtomobil istehsalı zavodunun və dərman istehsalı müəssisələrinin inşası onu göstərir ki, bu gün iki qonşu və dost ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün qarşılıqlı maraq və niyyət var. Statistikadan da görürük ki, hazırda Azərbaycana 500-ə yaxın İran şirkəti investisiya yatırıb. İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı üçün isə onlarla sənəd imzalanıb".
"Əlbəttə ki, Azərbaycanla İran arasında siyasi və iqtisadi əlaqələrin dərinləşməsi iki ölkə xalqları arasında da əlaqələrin inkişafına yol açır" – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dəmir yolu şəbəkəsinin işə düşməsindən sonra qarşılıqlı səfərlərin sayı da artacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB