Vüqar Bayramov: "İran regional enerji və nəqliyyat dəhlizlərində Azərbaycanla tərəfdaşdır"

Vüqar Bayramov: "İran regional enerji və nəqliyyat dəhlizlərində Azərbaycanla tərəfdaşdır"

Azərbaycan Respublikası Prezidentinin İrana səfəri iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafını bir daha gündəmə gətirdi. Bunu SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, İran region üçün aparıcı bazarlardan birinə çevrilməkdədir: "78 milyon istehlakçı, 1.459 trilyon dollar (PPP ilə) Ümumi Daxili Məhsul və 63 milyard dollarlıq idxalı ilə İran cəlbedici iqtisadi tərəfdaşdır. Azərbaycan ilə İran arasında iqtisadi münasibətlər bir çox istiqamətdə inkişaf edir. Əvvəlla, iki ölkə arasındakı rəsmi ticarət dövriyyəsi mövcud münasibətlərin səviyyəsini xarakterizə etmir və təbii ki, bu dövriyyənin artırılması olduqca vacibdir. İki dövlət arasındakı ticarət dövriyyəsi cəmi 123 milyon dollardır və halbuki bu göstərici 10 il öncə yarım milyard dollardan çox idi. Deməli, ticari əlaqələrin genişləndirilməsi vacib amillərdəndir. Azərbaycan bir sıra sənaye məhsulları ilə İran bazarına çıxış imkanı əldə edə bilər. İkincisi, İran turizm sahəsində ciddi tərəfdaş ola bilər. İranlılar üçün sekular Azərbaycan yalnız Novruz bayramında deyil, eyni zamanda ilin digər fəsillərində də cəlbedici turizm destinasiyasıdır. Bu isə real valyutanın ölkəyə daxil olması baxımından əlverişlidir".

Vüqar Bayramov daha sonra qeyd edib ki, İran kiçik və orta miqyaslı sənaye sərmayəsində yaxşı tərəfdaş ola bilər: "Əczaçılıq, avtomobil, eləcə də qida sənayesində başlanılan əməkdaşlıq buna misaldır. İranın xarici sərmayəçi kimi Azərbaycan qeyri-neft sektorunda investisiyalarının həcminin artırılmasına ciddi ehtiyac var. Azərbaycan İranda investisiya əldə etmək istəyən xarici sərmayədarlar üçün baza ölkəsi rolunu oynaya bilər. Bir sıra Qərb şirkətlərinin əsas ofislərini Azərbaycanda yaratmaqla, yəni ölkəmiz üzərindən İrana investisiya yönəldilməsinə nail olmaq mümkündür. Nəhayət, İran regional enerji və nəqliyyat dəhlizlərində Azərbaycanla tərəfdaşlıq edə bilər. Bütövlükdə, uzun müddət sanksiyalara məruz qalan cənub qonşumuz indi Azərbaycanın əsas tərəfdaşlarından birinə çevrilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə