Naxçıvanda toxumluq kartofun satışına başlanılıb

Naxçıvanda toxumluq kartofun satışına başlanılıb

"Naxçıvan Meyvə-Tərəvəz Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keyfiyyətli toxumluq kartofun satışına başlanılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, toxumluq kartof "Qranula" və "Santa" növlərindən ibarətdir. Bu toxum növləri muxtar respublikanın iqlim şəraitinə uyğundur və hər il əkini həyata keçirilir. Kartof əkini üçün nəzərdə tutulmuş bu toxum növləri "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyasında ekspertizadan keçirilib və keyfiyyət göstəricilərinin normativ texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.

"Qranula" toxumluq kartofun 1 kiloqramının qiyməti 45 qəpik, "Santa" toxumluq kartofun 1 kiloqramının qiyməti 55 qəpik məbləğindədir.

Qeyd edək ki, Naxçıvan şəhərinin və rayonların bazarlarında da toxumluq kartofun satışı həyata keçirilir. Torpaq mülkiyyətçiləri toxumluq kartof almaq üçün "Naxçıvan Meyvə-Tərəvəz Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinə də müraciət edə bilərlər.

Strateji ərzaq növü olan kartof əkinləri ötən il muxtar respublikada üstün yer tutub. 2016-cı ildə muxtar respublikada 3 min 53 hektar sahədə kartof əkini aparılıb. Bu da 2015-ci ildə əkilmiş sahədən 86 hektar çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə