“Qış məktəbi” təlimi keçirilir

“Qış məktəbi” təlimi keçirilir

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisində bu qurumun "Qış məktəbi" təqaüd proqramı üzrə təlim keçirilir. SİA-nın verdiyi məlumata görə, yanvarın 18-dən başlayan təlimdə Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatlarının müxtəlif ali təhsil müəssisələrinin, eləcə də Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri iştirak edirlər.

Təlimi Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Katibliyinin rəhbəri Mixail Kaşubski, eləcə də Avstraliyanın Çarlz Stert Universiteti, ABŞ-ın San-Diyeqo Universiteti, İtaliyanın Mexaniki və Mühəndislik Sənayesi Assosiasiyaları Federasiyasının mütəxəssisləri aparır.

Təlimin gündəliyinə "Sənaye perspektivləri baxımından tarif təsnifatı və qeyri-preferensial və preferensial mənşənin müəyyən edilməsi Qaydaları", "Beynəlxalq ticarət sövdələşmələri və sənədləşmə", "Maşın və insan intellekti: sərhəd mühitində təhlükələrin aşkarlanması ilə bağlı məlumatlılıq və qeyri-verbal ünsiyyətin təhlili" və s. mövzularda məruzələr daxildir.

Qeyd edək ki, təlim Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı Regional Ofisi ilə yanaşı, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Avropa Regional Ofisində də keçirilir.

İştirakçılar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına da baş çəkib, burada tələbə və müəllimlər üçün yaradılan şəraitlə tanış olublar.

Təlim yanvarın 26-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə