Deputatlar AZAL-dan şikayət etdilər "Buna son qoyulsun!"

Deputatlar AZAL-dan şikayət etdilər "Buna son qoyulsun!"

"Azərbaycan Hava Yolları (AZAL) özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər buraxılmalıdır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında " Aviasiya haqqında" qanun layihəsi müzakirə olunarkən deyib.

Millət vəkili bildirib ki, "AZAL" Azərbaycan iqtisadiyyatına, büdcəyə əlavə yükdür: "Odur ki, "AZAL" özəlləşməyə çıxarılmalıdır. AZAL-la bağlı narazılıqlar çoxdur. Biletlərin qiymətləri, tariflərin müəyyənləşdirilməsində özbaşınalıqlar nə qədər davam edəcək, o qədər də bu narazılıqlar davam edəcək. Eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər də buraxılmalıdır".

Məsələ ilə bağlı millət vəkili İlham Əliyev də narazılığını ifadə edib. O bildirib ki, çox təəssüf ki, AZAL-dan da güclü olan digər şirkətlər ölkəmizdə faəliyyət göstərə bilmirlər: "Yəqin ki, onlara fəaliyyət göstərmək üçün imkanlar yaradılmır. AZAL tərəfindən elan olunan kampaniyalar zamanı bilet alan şərnişinlərin iki çomadanı varsa, o zaman onlardan əlavə pul istənir. Bu, axı, nə deməkdir? Belə də özbaşınalıq olar? Bunlar hamısı inhisarçılıqdan irəli gəlir və bunlara son qoyulmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə