"Vergi məcəlləsinə təklif olunan dəyişikliklər şəffaflığın artırılmasına xidmət edəcək"

"Vergi məcəlləsinə təklif olunan dəyişikliklər şəffaflığın artırılmasına xidmət edəcək"

"Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər şəffaflığın artırılması, nağd hesablaşmaların həcminin azaldılması, elektron ticarətin vergiyə cəlb edilməsi, transfer qiymətqoyma, uçot siyasətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi qanunvericiliyinə əməl edən intizamlı vergi ödəyicilərinə münasibətdə vergi orqanları tərəfindən göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması kimi mühüm məsələləri əhatə edir". SİA-nın xəbərinə görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin plenar iclasında Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə olunarkən deyib.

Onun sözlərinə görə, vergilər sahəsində islahatları nəzərdə tutan qanun layihəsinin mahiyyət və fəlsəfəsinə fikir vermək lazımdır.

Avtomobillər üçün aksiz dərəcəsinin artırılmasına gəlincə, F. Məmmədov bildirib ki, bu dəyişiklik sosial bərabərliyin, ədalətin təmin edilməsi məqsədi daşıyır: "Bəlkə də avtonəqliyyat vasitələri daha az gətiriləcək və büdcəyə daxilolma azalacaq. Amma sosial bərabərlik müəyyən edilməlidir. İstirahət üçün olan yaxtalar və digər məsələlər bütün bunlar hamısı əlavə vergiyə cəlb olunmalıdır. Digər sosial təbəqə üçün, aztəminatlı təbəqə üçün lazım olan məsələlər isə daha çox vergidən azad olma və sadələşdirilmiş vergi yükü ilə təmin edilməlidir. Xahiş edirəm, ümumi paketin fəlsəfəsinə diqqət yetirək. Bu günə qədər ticarət obyektlərində bütün dövriyyə vergiyə cəlb olunurdu. İndiki qanunvericilik onu azad edir. İndiki dəyişiklik məhsul hansı qiymətə alınıbsa, bu məbləği ƏDV-dən çıxırlar üstünə qoyulan gəlirdən ƏDV tutulmasından gedir. Sosial təbəqə və pərakəndə ticarət üçün bundan böyük və yaxşı şərait ola bilərmi?".

Müzakirələr zamanı çıxış edən spiker Oqtay Əsədov qeyd edib ki, Məcəlləyə təklif olunan dəyişikliklər vergi yükünün azaldılmasına xidmət edir.

Sonra Vergi Məcəlləsinə dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə