Palata sədri: "Büdcə vəsaitlərinin qənaətli və məqsədli istifadəsi əsas vəzifədir"
"Müasir dövrün tələbləri iqtisadi sistemin fəaliyyət prinsiplərinə yenidən baxılması ilə yanaşı ÜDM-in formalaşması və gəlirlərin yenidən paylanmasında əsas və mühüm maliyyə sənədi olan dövlət büdcəsinə də yeni baxışı zəruri edir. Yeni şəraitdə fiskal konsolidasiya tədbirləri ön plana çıxır ki, bu da hər bir ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi və siyasi perspektivlərinin təsiri ilə formalaşır". SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülmmədov Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirələri zamanı deyib.
O bildirib ki, maliyyə resurslarının axınının məhdudlaşdığı, həmçinin geosiyasi amillərlə də şərtlənən nisbi azalma mövcud gəlirlərin artırılması istiqamətində vacib islahatları obyektiv zərurətə çevirir: "Bu islahatlar, eyni zamanda idarəetmə müstəvisində qərarların daha çevik qəbul edilməsini özündə ehtiva edir. Ölkə rəhbərinin müəyyən etdiyi vəzifələrin həyata keçirilməsi 2017-ci il üçün büdcə - vergi siyasətinin əsas istiqamətlərinində əks etdirilib, vergilərin və digər daxilolmaların yığım faizinin artırılması, əvvəlki illərdən qalmış vergi borclarının dövlət büdcəsinə alınması, vergi yükünü optimallaşdırmaqla qeyri-neft sektorundan vergi daxilolmalarının artımına nail olunması kimi tədbirlərin reallaşdırılmasından keçir. Bu tədbirlər ilk növbədə, vergi inzibatçılığının gücləndirilməsini zəruri edir. Eyni zamanda, hesab edirik ki, yığım əmsalının və vergi növləri üzrə boşluqların hesablanılması ilə bağlı konkret metodikanın, həmçinin vergi yükünün optimallaşdırılması istiqamətində mərhələli tədbirlər planının işlənilməsi büdcə-vergi siyasətinin əsas istiqamətlərinin reallaşdırılmasına müsbət təsir göstərər.
Aparılan təhlil göstərir ki, 2017-ci il üzrə təklif olunan dövlət büdcəsinin gəlirlərinin proqnoz parametrlərinə ehtiyatlı ssenari tətbir edilməklə yanaşılıb. Makroiqtisadi mühitin dəyişkənliyi və əmtəə bazarlarının davranışı həmin parametrlərə hesabat ili ərzində yenidən baxılması ehtimalını istisna etmir".
V. Gülmmədov qeyd edib ki, büdcə vəsaitlərinin səmərəli, qənaətli və məqsədli istifadəsi öz aktuallığı ilə dövlət maliyyə sisteminin əsas vəzifəsidir: "Müşahidə etdiyimiz sistemli maliyyə böhranı xərclərin konsolidasiyasını zəruri edib və bu tədbirlər büdcə xərclərinin qənaətli istifadəsi ilə yanaşı, məqsədli istifadə alətlərinin tətbiqini nəzərdə tutur. İqtisadi stabilliyin qısamüddətli, dayanıqlığın isə uzunmüddətli makroiqtisadi şərait olduğunu nəzərə alsaq, büdcə-vergi siyasətinin əsas istiqamətlərində mümkün ssenarilər və büdcə parametrləri üzrə əsaslandırmalar məhz stabillik və dayanıqlıq baxımından tərtib edilməlidir. Bu isə ilk növbədə fiskal çərçivənin formalaşdırılmasını tələb edir ki, həmin çərçivəni təmin edəcək fiskal qaydaların tətbiqi, həmçinin bu qaydaların makro-fiskal çərçivə ilə uzlaşdırılması və təkmilləşdirilməsi zəruri hesab edilir. Əksər ölkələrdə dövlət xərclərinin səmərəliliyinin qiymətləndirmək məqsədilə nəticəyə hədəflənmiş büdcə metodundan (və ya fəaliyyət büdcəsi) istifadə edilməyə başlanılıb. Bu isə öz növbəsində dövlət büdcəsi xərclərinin məqsədli proqramlar səviyyəsində icrasını təmin etməklə həmin vəsaitlərin daimi monitorinqi və qənaətli istifadəsini qiymətləndirmək imkanı verir".
Palata sədri vurğulayıb ki, cari dövrün şərtləri dünya ölkələrini fiskal konsolidasiya tədbirlərini həyata keçirməyə vadar edib: "Büdcə xərcləri ilə bağlı atılan addımlar əsasən cari xərclərin azaldılması ilə bağlıdır. Təqdim edilən büdcə layihəsində bu istiqamətdə mühüm addımlar atılıb. Ümumilikdə isə beynəlxalq təcrübənin təhlili ölkəmizdə son dövrlərdə atılmış addımların müasir dövrün tələblərinə uyğun olduğunu və gələcək inkişafa istiqamətləndiyini vurğulamaq imkanı verir. Bundan əlavə, təqdim olunan büdcə zərfində büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi - dövlət borcunun idarə olunması üzrə orta və uzun müddətli strategiyanın hazırlanması tələbi tərəfimizdən təqdirəlayiq hal kimi qiymətləndirilir. Şərti öhdəliklərin dövlətin iqtisadi-maliyyə vəziyyəti qənaətbəxş olduğu təqdirdə nəzərə çarpmaması sonradan maliyyə şoku və ya kritik borclanma riskinin yaranma ehtimalını diqqətdə saxlamağı tələb edir. Bu kimi hallar bir çox ölkələrin təcrübəsində müşahidə olunub. Hesablama Palatasının Kollegiyası təqdim olunmuş qanun layihəsinin "Büdcə sistemi haqqında" qanunun tələblərinə uyğun hazırlandığını, həmçinin qanun layihəsini müşayiət edən sənədlərin müasir dövrün tələblərinə uyğun praqmatik yanaşma ilə tərtib edildiyini nəzərə alaraq Milli Məclisdə müzakirə olunmasını tövsiyyə edib. Palatanın rəyinin də nəzərə alınmasını və növbəti ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsinin qəbuluna səs verməyinizi xahiş edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB