Elman Rüstəmov: "Manatın ucuzlaşması borcları daha da ağırlaşdırır"
"2014-cü ilin ikinci yarısından başlayaraq neftin qiymətlərinin 3 dəfəyədək aşağı düşməsi bütün neft ixracatçısı olan ölkələrdə olduğu kimi Azərbaycan üçün də ciddi çağırışlar formalaşdırıb. 2016-cı ildə ixracın həcminin 12,8 mlrd. ABŞ dolları olacağı gözlənilir ki, bu da pik ili olan 2011-ci ilə nisbətən təxminən 22 mlrd. dollar aşağıdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə son 10 ildə ilk dəfə olaraq 2015-ci ildə tədiyyə balansı 2013-cü ildəki 17 mlrd. ABŞ dolları yuxarı profisitdən 200 mln. dollarlıq defisitə keçib: "Yaranmış şəraitdə makroiqtisadi orqanlar qarşısında əsas valyuta gəliri təxminən 3 dəfədən aşağı düşmüş bir iqtisadiyyatın yeni reallıqlara uyğunlaşdırmaq, yeni milli iqtisadiyyatı yenidən balanslaşdırmaq vəzifəsi qoyulub. İlk növbədə makroiqtisadi siyasətə korreksiya istiqamətində büdcə xərclərinin yığcamlaşdırılması siyasəti həyata keçirilməyə başlanılıb. 2013-cü ildən bəri büdcə xərcləri 2,1 mlrd. manat və ya 11 faiz aşağı salınıb. Büdcəyə Dövlət Neft Fondundan transfertlər daha əhəmiyyətli azaldılıb və bu vəsaitlərin həcmi 2013-cü ildə 14,5 mlrd. ABŞ dollarından mərhələlərlə 2016-cı ildə 4, 7 mlrd. dollara endirilib və təxminən 3 dəfədən çox azaldılıb. İqtisadiyyatda valyuta təklifinin əhəmiyyətli azaldılması və əsas xarci ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının iki dəfədən çox devalvasiyaya uğraması manatın məzənnəsində adekvat korreksiya edilməsini qaçılmaz edib. Bunu nəzərə alaraq 2015-ci ildə manatın devalvasiyası həyata keçirilib, idarəolunan üzən məzənnə rejiminə keçilib".
"Qeyri-neft ixracında da azalma müşahidə edilir. Struktur amilləri təmizlənməklə bu azalmanın həcmi 20 faizdir. Qeyri-neft idxalı isə hələ də qeyri-neft ixracını əhəmiyyətli üstələməkdə davam edir. Tədiyyə balansının kapitalını və maliyyənin hərəkəti balansının cari il və növbəti illərə düşən ödənişləri böyük transmilli layihə olan Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə əlaqədar xərclər, bir sıra dövlət şirkətlərinin borcu və faiz ödənişləri, bank sektorunun xarici borcları üzrə ödənişlər, dövlət borcü üzrə ödənişlər və sair daxildir. Belə xarakterli ödənişlərin valyuta bazarına son dövrdə əhəmiyyətli dərəcədə kiçilmiş valyuta bazarına daxil olması təbii ki, valyuta balansında gərginlik yaradır və milli valyutanın məzənnəsinin formalaşmasına üzən məzənnə rejimində ciddi təsir göstəriri. Bütövlükdə məzənnənin ucuzlaşması tədiyyə balansının problemlərini, yəni kapital hissəinin problemlərini həll etmir. Əksinə belə ucuzlaşma tədiyyə balansının bu hissəsində olan borcları daha da ağırlaşdırır. Çünki, bu borclar xarici valyutada fiksə olunub və bu borcları ödəmək üçün əlavə xərclər tələb olunur. Əlavə xərclərin böyük hissəsi isə büdcədən maliyyələşdiyi üçün büdcə və vergi sistemi üçün əlavə gərginliklər yaradır" - deyə, E. Rüstəmov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB