Azərbaycan və BƏƏ Müştərək İnvestisiya Fondu yaradır Səfir

Azərbaycan və BƏƏ Müştərək İnvestisiya Fondu yaradır Səfir

"Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayı 2015-ci illə müqayisədə cari ildə 20-25 dəfə artıb". SİA-nın məlumatına görə, bunu Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov bu ölkənin nüfuzlu "Al Khaleej" qəzetinə müsahibəsində deyib.

Səfir BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktumun Azərbaycana, Prezident İlham Əliyevin BƏƏ-yə səfərlərini xatırlayaraq, bu mühüm səfərlərin mövcud güclü ikitərəfli siyasi əlaqələrin, eləcə də ticari-iqtisadi əməkdaşlığın daha da artmasına töhfə verdiyini və bunun bəhrələrini artıq qarşılıqlı ticarət mübadiləsində, o cümlədən turizm sahəsində görmək mümkün olduğunu xüsusilə qeyd edib. D.Şikarov bütün bunların ölkə rəhbərlərinin qarşılıqlı istəyindən qaynaqlandığını oxucuların diqqətinə çatdırıb.

2015-ci ildə əmtəə dövriyyəsinin həcminin 65 milyon ABŞ dolları həddində olduğunu bildirən D.Şikarov hər iki ölkədə fəaliyyət göstərən yüzlərlə şirkətin sayının get-gedə artdığını, eləcə də Azərbaycanın kənd təsərrüfatı, turizm və İT kimi istiqamətlərə xüsusi maraq verdiyini, Ərəb Əmirliklərinin isə kənd təsərrüfatı məhsullarını idxal etdiyini, o cümlədən turizm, İT, logistika və infrastruktur layihələrdə mütərəqqi təcrübəyə malik olduğunu əsas tutaraq, həmin rəqəmin cari il ərzində yüksələcəyini söyləyib. Eyni zamanda Azərbaycan-BƏƏ birgə iqtisadi komissiyasının bu yaxınlarda keçiriləcək 6-cı iclasında mövcud imkanların əsaslı şəkildə müzakirə ediləcəyi, habelə Müştərək İnvestisiya Fondunun və Biznes Şuranın yaradılması imkanlarının da nəzərdən keçiriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, səfir ölkəmizə səfər edən BƏƏ vətəndaşlarının orqanik kənd təsərrüfatı və qida sənayesi məhsullarından zövq aldıqlarını, bunun nəticəsidir ki, BƏƏ şirkətlərinin həmin məhsulların idxalına maraq göstərdiyini nəzərə alaraq, Əbu-Dabi, Dubay və ya Şarca şəhərində Azərbaycan ərzaq məhsullarının sərgisinin təşkil olunması yönündə müvafiq işlərin görüldüyünü və sərginin tezliklə keçiriləcəyinə ümidvar olduğunu deyib. Həmçinin, kənd təsərrüfatının inkişafı və bu sahəyə xarici sərmayələrin cəlb edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılmış mühüm addımlar barəsində oxuculara müfəssəl məlumatlar təqdim edilib.

Turizm sahəsinə gəlincə, D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin digər sahələrdə olduğu kimi, turizm sahəsinin də inkişafına və respublikamızın regionun turizm mərkəzinə çevrilməsinə xüsusi əhəmiyyət verdiyini oxucuların nəzərinə çatdıraraq, bu məqsədlə 4 təbiət fəslinin mövcud olduğu ölkəmizin turizm sektorunda yaradılmış və yaradılmaqda olan müasir mehmanxana infrastrukturu və təbii gözəllikləri haqda ətraflı bəhs edib, BƏƏ sərmayədarlarını Azərbaycan hökumətinin turizm sektorundakı əlverişli siyasətindən bəhrələnməyə dəvət edib.

2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Nazirlər Kabinetinin qərarını yada salan səfir, bu qərarın nəticəsi olaraq cari ildə turistlərin sayının 2015-ci illə müqayisədə 20-25 dəfə artaraq 30-35 min nəfərə çatdığını, Dubay-Bakı-Dubay istiqamətlərində "Azərbaycan Hava Yolları" (AZAL) və "Fly Dubai" aviaşirkətləri tərəfindən həftəlik uçuşların sayının 4 dəfə artaraq 28-ə qədər yüksəldiyini və şimali Əmirliklərdən turist axınının artdığına görə 2017-ci ilin 16 mart tarixində Şarca Əmirliyinə məxsus "Air Arabia" aviaşirkətinin Şarca-Bakı-Şarca istiqamətlərində ilk uçuşlara başlayacağını qeyd edib.

Ölkəmizdə gəzməli yerlər barədə jurnalistin sualına cavab olaraq, səfir son 10 il ərzində yerli və xarici turistlər üçün yaradılmış yüksək şəraitə toxunaraq, Naxçıvan, Qəbələ, Qusar, Quba, Şamaxı, Şəki və digər regionlarda mövcud təbii gözəlliklər fonunda möhtəşəm beşulduzlu mehmanxanaların, eləcə də istirahət zonalarının fəaliyyət göstərdiyini və orada gələn qonaqlara keyfiyyətli xidmətlərin təqdim olunduğunu qabardıb, Qəbələdə "Qafqaz" otellər şəbəkəsinin, Qusarda "Şahdağ" qış-yay turizm kompleksinin, Qubada "Quba Rixos" otelinin, Naxçıvanda müalicəvi turizm üçün yüksək beynəlxalq meyarlara cavab verən sanatoriyaların oralara səfər etmiş BƏƏ turistlərinin artıq rəğbətini qazandığını söyləyib. Həmçinin dini tarixi sevənlərə Naxçıvan şəhərində yerləşən Əshabi-Kəhf mağarasını ziyarət etmək tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə