İpək istehsalının müasir infrastrukturu yaradılır FOTOLAR

"Shandong Guangtong Silkworm Eggs Co" LTD şirkəti ilə müqavilə bağlanılıb
İpək istehsalının müasir infrastrukturu yaradılır FOTOLAR

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib. SİA-nın Kənd Tərərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb, cari ildə 2007-ci ildən bəri ilk dəfə olaraq respublikamızda 70 tondan çox yaş barama məhsulu istehsal edilib.

Hazırda Dövlət Başçısının tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə baramaçılığın yem bazasının formalaşdırılması, tut (çəkil) tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə Nazirlik tərəfindən 1,5 milyon ədəd tut tinglərinin alınması üçün Çin Xalq Respublikasının "Shandong Guangtong Silkworm Eggs Co"" LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə uyğun olaraq 2016-cı il 02 dekabr tarixində şirkət tərəfindən tədarük edilən 1,5 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respublikamıza gətirilib. Respublikaya gətirilən tut tinglərindən ibarət yüklərin 2016-cı il 02 dekabr tarixində Heydər Əliyev adına Hava Limanından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan bölgü əsasında, ayrılan nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 37 rayona paylanılacaqdır.

Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqroteniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq video tövsiyələr, bukletlər, yaddaş vərəqələri və digər maarifləndirici materiallar hazırlanıb və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət ediliblər. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunan, həm daşınmasını asanlaşdırmaq, həmdə sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanıb və fermer və sahibkarlara, eyni zamanda nazirliyin tabeçiliyində olan tingçilik təsərrüfatlarına ödənişsiz əsaslarla veriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə