Azərbaycan dünya bazarlarına hansı məhsullarla çıxa bilər? ŞƏRH

Azərbaycan dünya bazarlarına hansı məhsullarla çıxa bilər? ŞƏRH

"Əgər Azərbaycan xarici bazar axtarırsa, hələlik Orta Asiya ölkələrinə üstünlük verilməlidir. Məhsullarımızın Rusiya, Ukrayna, Belarus bazarlarına çıxarmaq bizim üçün uğur gətirə bilər. Bundan başqa Yaxın Şərq, Qafqaz ölkələrinin bazarlarına diqqət edilməlidir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, xarici bazarlara çıxmaq üçün ilk növbədə orada çatışmazlıqlar, tələbatın daha yüksək hiss olunduğu sahələr müəyyənləşdirilməli, bu istiqamətdə Azərbaycan iqtisadiyyatına müqayisəli üstünlüyə malik olan seqmentlərinin ayrılıqda qiymətləndirilməli, hansısa təşviqedici və dövlət tərəfindən dəstəkləyici addımlar vasitəsilə həmin sahələrin istehsal potensialının gücləndirməklə ixrac genişləndirilməlidir: "Təbii ki, hazırda Azərbaycanın neftdən kənar bəzi məhsulları Avropa bazarlarına ixrac olunur. Bura Avropada yetişdirilməsi mümkün olmayan nar və fındıq məsulları daxildir ki, bu istiqamətdə də işlərin genişləndirilməsinə ehtiyac var. Amma ümumilikdə ilk olaraq hədəf ölkəmizdə istehsal olunan məhsulların keyfiyyət baxımından rəqabət edə biləcəyi ölkələrə üz tutmasıdır. Eyni zamanda Azərbaycan istehsalı olan məhsullar dünya bazarında xüsusilə də Çinlə qiymət baxımından rəqabət imkanı əldə edə bilsə, o zaman Afrika ölkələrinə çıxış haqqında düşünmək lazımdır. Çünki son dövrdə Çin Afrika bazarlarına daxil olmaq üçün kifayət qədər mübarizə aparır. Hələlik biz hədəf olaraq yüksək keyfiyyətli və dünya əhalisinin yüksək alıcılıq qabiliyyətinə malik olan qisminə çıxış əldə edə bilmərik. Hazırkı hədəfimiz aşağı və orta gəlirli ölkələrdəki istehsalçılara üz tutmaqdır".

R. Həsənov söyləyib ki, hazırda Azərbaycanda müqayisəli üstünlüyə malik olan yeganə sahə aqrar sektordur: "Təbii ki kimya, xüsusilə də neft-kimya sənayesi müəyyən potensiala malikdir. Lakin aqrar sahədə Azərbaycanın dünya bazarlarına çıxardığı məhsullar əsasən xurma, fındıq, nar şirələri və digərləri ola bilər. Bu məhsullar dünya bazarlarında satılması müqayisəli üstünlüyə malik olduğu üçün diqqət bu istiqamətə ayrılmalıdır. Məhsulların bazarlarda rəqabətliliyini təmin etmək çox çətin məsələdir. Hətta bu gün böyük şirkətlərin, eləcə də yüksək təcrübəyə malik olan korporasiyaların sıradan çıxdığını görürük. Biz əsasən yerli xammal hesabına istehsal olunan məhsulların ixracına üstünlük verməliyik. Bu gün Azərbaycan xarici ölkələrə şəkər ixrac edir ki, bu, qeyri-neft ixracında böyük paya malikdir. Amma onun istehsalı üçün xammalın böyük həcmi xaricdən istehsal olunduğu üçün valyuta xaricə çıxıb yenidən ölkəyə daxil olması fonunda ciddi nəticə vermir. Söhbət dünya bazarlarında azad rəqabətdən gedirsə, bu baxımdan keyfiyyətli məhsul istehsal etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə