Qumbaşıya 24 ildən sonra təbii qaz verilib FOTOLAR

Qumbaşıya 24 ildən sonra təbii qaz verilib FOTOLAR

Oktyabrın 14-də Lənkəran rayonunun Qumbaşı kəndinə 24 illik fasilədən sonra təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə şəhər İcra hakimiyyətinin, Lənkəran Qaz İstismar İdarəsinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. SİA-nın məlumatına görə, mərasimi giriş sözü ilə açan Lənkəran ŞİH başçısının Liman inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəxtiyar Səfərov bildirib ki, 270 abonenti olan Qumbaşı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 17668 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tədbirdə çıxış edən kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əlamətdar hadisə münasibətilə Qumbaşı kəndinin sakinlərini təbrik edib, onlara ən səmimi və xoş arzularını çatdırmış, təbii qazın hər bir mənzilə hərarət, sevinc və bərəkət gətirməsini arzulayıb.

Sonda rəmzi məşəl alovlandırılıb

Qeyd edək ki, 270-abonenti olan Lənkəran rayonunun Qumbaşı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6568 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11100 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilərək, mənzillərə 270-ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ümumilikdə isə Lənkəran və Liman şəhərləri daxil olmaqla, 66 yaşayış məntəqəsi (ümumi abonentin 88 %) qazlaşdırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə