İpoteka ilə bağlı yenilik nə vəd edir? RƏY

İpoteka ilə bağlı yenilik nə vəd edir? RƏY

"Azərbaycanda 2005-ci ildə ipoteka kreditləşməsi ilə bağlı xüsusi fərman imzalanıb və 2006-cı ildən bu kreditlərin verilməsinə başlanılıb. 10 il müddətində ölkəmizdə 18 minə yaxın ailə ipoteka kreditləşməsi vasitəsilə mənzil alıb". Bu fikirləri SİA-ya açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

O bildirib ki, bu müddət ərzində mənzil alanlara təxminən 700 milyon manata qədər ipoteka verilib: "Həmin kreditlərin 200 milyon manata yaxını büdcə vəsaiti hesabına verilib. 5 min adam isə sosial ipoteka mexanizmi vasitəsilə mənzil sahibi olub. Bu çox mühüm addımdır. Amma əhalinin xüsusilə də gənc ailələrin mənzillə təmin etmək üçün hələ xeyli iş görmək lazımdır. Ötən 10 il müddət təhlil olunaraq, ipoteka kreditləşməsi mexanizminin təkmilləşdirilməsi sahəsində addımlar hazırda ölkəmizdə mühüm addımlar atılmağa başlanıb ki, bunlardan biri bu günlərdə Azərbaycan Respublikasının Prezidenti ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında Fərmanı xüsusi əhəmiyyət kəsb edir"

Sənədin müsbət tərəflərindən danışan millət vəkili söyləyib ki, fərmana əsasən İpoteka Fondu Mərkəzi Bankın nəzdində deyil, müstəqil formada fəaliyyət göstərəcək: "Bu, müasir dövrün tələblərinə cavab verən səviyyədə atılan addımların mühüm istiqamətidir. Bundan sonra Fond daha geniş miqyasda, həm dövlət büdcəsi, həm qiymətli kağızlar, həm xaricdən kreditlərin cəlb edilməsi, həm də qarantlar vasitəsilə daha çox vəsait cəlb etmək imkanlarına malik olacaq. Eyni zamanda bu fərmanla ipoteka kreditləşməsində olan çatışmazlıqlar aradan qaldırılacaq. Elektron hökumət layihəsinin tərkib hissəsi kimi elektron ipoteka mexanizmi gələn ilin yanvar ayının 1-dən tətbiq edilməyə başlayacaq. Bundan başqa fərmana əsasən sosial ipoteka almağa hüququ çatan insanların siyahısı genişləndirilib və artıq 5 il stajı olan müəllimlər də bu imkandan yararlana biləcəklər".

Ə. Məsimli qeyd edib ki, yeni mexanizmlər ipotekaya maksimum 50 min manat deyil, daha çox vəsaitin ayrılmasına şərait yarada bilər: "Bilirsiniz ki, adi ipoteka 8, sosial ipoteka isə 4 faizlə verilir. Lakin yeni sənədlərdə göstərilir ki, aidiyyatı orqanlar bu faiz dərəcələrini aşağı sala bilərlər. Burada açıq qalan məsələ yalnız ilkin ödənişlə bağlıdır. Bu məsələnin həll edilməsi daha çox adamın ipoteka vasitəsilə mənzil almasına kömək edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə