Samir Şərifov: "2015-ci ildə bəzi investisiya layihələri təxirə salınıb"
"2015-ci il qlobal iqtisadi artımın zəifləməsi və dünya əmtəə qiymətlərinin kəskin ucuzlaşması ilə xarakterik olub". SİA-nın xəbərinə görə, bu fikirləri Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi, sənaye sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunarkən deyib.
O bildirib ki, qlobal iqtisadiyyatda iqtisadi artım sürətinin zəifləməsi kapital axınlarında ciddi azalmaya, maliyyə bazarlarında qeyri-müəyyənliyin artmasına və qlobal ticarətdə kəskin geriləmələrə səbəb olub.
Nazirin sözlərinə görə, qlobal ticarətin zəifləməsi ilk olaraq xammal ixrac edən ölkələrin tədiyyə balansına mənfi təsir göstərib: "Nəticədə 2015-ci ildə dünya ölkələri üzrə iqtisadi artım göstəricisi 2014-cü illə müqayisədə 0,3 faiz-bənd azalaraq 3,1 faiz təşkil edib. Artım inkişaf etmiş ölkələrdə 2014-cü ildən 0,1 faiz bəndi çox olmaqla 1,9 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 2014-cü ildən 0,6 faiz bəndi az olmaqla 4,0 faiz təşkil edib".
S. Şərifov qeyd edib ki, qlobal iqtisadi proseslər, regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməyib: "Bu reallıqlar iqtisadiyyatın artım sürətinin aşağı düşməsinə, ölkənin valyuta daxilolmalarının kəskin azalmasına, tədiyə balansının faktiki olaraq sıfırlaşmasına, dövlət və özəl sektorların gəlirlərinin və maliyyə-bank sektorunun dayanıqlılığının zəifləməsinə, bir sıra zəruri dövlət xərclərinin və sosial öhdəliklərin artmasına səbəb olub. 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 41,6%-ni qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 7,6 faiz-bənd, 2013-cü illə müqayisədə 14,7 faiz- bənd çoxdur. 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 7 mlrd. 278,1 mln. manat və ya 107,8% icra edilməklə, proqnozla nəzərdə tutulduğundan 528,1 mln. manat, 2014-cü illə müqayisədə 1 021,6 mln. manat və ya 16,3% çox təşkil edib. 2015-ci ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 19,3% olub ki, bu da 2014-cü ilə nisbətən 1,9 faiz-bənd çoxdur. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 118,3 mln manat vəsait daxil olub, 2014-cü illə müqayisədə isə 4,6 mln. manat (0,1 faiz) çox icra olunub. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 591,9 mln. manat olub ki, bu da 2014-cü illə müqayisədə 81,1 mln. manat (5,4 faiz) çoxdur. 2015-ci ildə ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasəti davam etdirilib. Bəzi lüzumsuz xərclər, investisiya layihələri təxirə salınıb. Bununla xərclərin qənaetinə nail olunub. Yığcamlaşdırma siyasətinin davam etdirilməsi fonunda 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 mln. manat təşkil edib. Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9763,1 mln. manatı və ya 54,9 faizi cari xərclərə (2014-cü illə müqayisədə 134,5 mln. manat və ya 1,4 faiz az), 7316,9 mln. manatı və ya 41,1 faizi əsaslı xərclərə (2014-cü illə müqayisədə 1115,6 mln. manat və ya 13,2 faiz az), 704,5 mln. manatı və ya ümumi xərclərin 4,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2014-cü illə müqayisədə 325,6 mln. manat və ya 1,9 dəfə çox) yönəldilib. 2015-ci ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 4556,1 mln. manat vəsait yönəldilib. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,6 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 1,0 faiz-bənd çoxdur. Hesabat ilində cari xərclər hesabına təhsil xərclərinə 1605,1 mln. manat vəsait yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 51,3 mln. manat və ya 3,3 faiz çoxdur. Dövlət büdcəsinin xərclərində təhsil xərclərinin xüsusi çəkisi 9,0 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 0,7 faiz-bənd çoxdur".
Nazir vurğulayıb ki, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra tədbirlərin maliyyələşdirilməsinə 228,0 mln. manat vəsait istifadə olunub. 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 221,9 mln. manat vəsait ayrılıb.
S.Şərifov qeyd edib ki, 2015-ci ilin icmal büdcəsində 2598,7 mln. manat kəsir (defisit) yaranıb: "İcmal büdcənin kəsirinin ÜDM-də xüsusi çəkisi 4,8 faiz olub ki, bu da proqnoza nisbətən 3,9 faiz bənd azdır. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 10319,8 mln. manat kəsir qeydə alınıb ki, bu da 2015-ci ildə istehsal olunmuş ÜDM-in 19,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 6,8 faiz-bənd azdır".
Maliyyə naziri əlavə edib ki, hesabat ilində müdafiə bölməsi üzrə nəzərdə tutulan cari xərclərin icrası 1700,8 mln. manat olub ki, bu da 2014-cü illə müqayisədə 184,7 mln. manat və ya 12,2 faiz çoxdur: "Bütövlükdə cari və əsaslı xərclər də nəzərə alınmaqla, 2015-ci il dövlət büdcəsindən müdafiə xərclərinə 3221,4 mln. manat vəsait yönəldilib ki, bu da 2014- cü illə müqayisədə 383,3 mln. manat və ya 13,5 faiz çoxdur. Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ümumi dəyəri 50,6 mln. manat olan 471 mənzil Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə verilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB