Neftin qiyməti qalxsa da, manat düşür SƏBƏBLƏR

"Son günlər neftin dünya bazar qiymətlərinin bahalaşmasına baxmayaraq, manatın məzənnəsində cüzi də olsa zəifləmənin müşahidə olunması daxili valyuta bazarında ilin əvvəlindən bəri görülən bir sıra tədbirlər nəticəsində "nisbi sakitliyin" əldə edilməsinin nəticəsidir". Bunu SİA-ya iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, manata kənar təsirlərin qarşısı alınıb: "Xüsusən də, subyektiv amillərin rolu minimuma endirilib. Burada şübhəsiz ki, əhalidə nəğd manat kütləsinin azalmasının da rolu var. Lakin bütövlükdə, təkrar edirəm ki, valyuta bazarında sabitlik əldə olunub. Ona görə də neftin qiyməti qalxsa da, Azərbaycanda manatın dollara nisbətdə məzənnəsi düşür. Bir müddət əvvəl neft düşürdü, manat isə qalxırdı. Hazırda ölkədə ABŞ dollarına tələb əvvəlki səviyyədə deyil. Bunu, Mərkəzi Bankın (AMB) keçirdiyi hərraclardan aydın görmək mümkündür. Təsadüfi deyil ki, AMB özü hərracda dollar alan kimi ertəsi gün kurs nisbətən qalxır. Çünki, əslində, AMB-dən başqa elə bir digər qurum da yoxdur ki, kifayət qədər manat təklif etsin.

Ekspertin sözlərinə görə, banklarda əhalinin yerləşdirmiş olduğu əmanətlər 80 %-dən çox dollar şəklindədir: "Üstəlik, banklar tərəfdən xarici valyuta ilə istehlak kreditlərinin verilməsi də dayandırılıb. Əhali də hətta, əllərində nağd manat kütləsi olsa belə xarici valyutaya dəyəşməkdə artıq, maraqlı deyillər. O səbəbdən ki, həm xarici valyutanı əmanət şəklində banklarda yerləşdirmək sərfəli deyil, həm də məzənnə dəyişikliyi sabitləşdiyindən bunun əhəmiyyəti qalmayıb. Real vəziyyət isə ondan ibarətdir ki, AMB-in 2014-cü ilin dekabrından etibarən itirməyə başladığı xarici valyutanın yerini təcili olaraq doldurmaq və onu bərpa etmək zərurəti mövcuddur. Neftin qiymətinin qalxması isə bunun üçün əlverişli zəmin yaradır. Odur ki, manat da neft bahalaşmasına baxmayaraq, ucuzlaşır. Ümumiyyətlə, manatın məzənnəsində yaxın perespektivdə 1,50-1,70 AZN aralığında aşağı və yuxarı doğru rəqs müşahidə edəcəyik ki, bu, çox da neftin qiymətinə əsasən baş verməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə