Ekspert qızılın və neftin qiymətlərindən DANIŞIB

"Qızılın son qiymət azalmasında əsas səbəblərdən biri kimi bu ilin ortalarında ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcələrini qaldıracağı ilə bağlı xəbərlər göstərilir". Bunu SİA-ya "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifov deyib.

O bildirib ki, dünya bazarlarında qızılın qiymətinin aşağı düşməsinin bir neçə səbəbləri var: "Ümumiyyətlə qiymətlərlə bağlı məqamlar bəzən o qədər həssas ola bilir ki, onları əvvəlcədən proqnozlaşdırmaq kifayət qədər çətin olur. Çin iqtisadiyatındakı azalmalar, neftin qiymətlərinin tədricən artması kimi amillər də qızılın dünya bazarlarında qiymətinin aşağı düşməsinin əsas səbəbləri kimi göstərilir".

Neftin dünya bazarındakı qiyməti barədə danışan Fikrət Yusifovun fikrincə, neftin qiymətinin ciddi siyasi səbəblərə söykənməsi bundan sonra davam etməyəcəksə, bu halda qiymətlərin qalxması qaçılmazdır: "Çünki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi səbəbindən onun hasilatına artıq 2 ilə yaxındır ki, investisiya qoyulmur. Bu o deməkdir ki, hasilatın azalması qaçılmazdır. Hasilatın azalması isə bir qayda olaraq qiymətlərin qalxmasına gətirib çıxarır. Bu səbəbdən də qiymətin cari ilin ikinci yarısından qalxması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...