Virus xəstəliklərinə dair seminar keçirilib

Virus xəstəliklərinə dair seminar keçirilib

Martın 29-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) təşkilatçılığı ilə "İribuynuzlu heyvanların virus xəstəliklərinin profilaktikası, diaqnostikası və mübarizə tədbirlərinə dair" seminar keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə dövlət və özəl baytarlıq mütəxəssisləri, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun alimləri, Respublika Baytarlıq Laboratoriyasının əməkdaşları ilə yanaşı, Rusiya Federasiyasının "NARVAK" Elmi-İstehsalat Birliyinin elm işlər üzrə baş direktorunun müavini, baytarlıq elmləri doktoru İrina Anatolyevna Proxorova iştirak ediblər.

Baytar həkimlərinin, alimlərin cəlb edildiyi tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, son illər dünyada, eləcə də qonşu ölkələrdə heyvanlar arasında bir çox xəstəliklər qeydə alınır. Bu xəstəliklər ölkə iqtisadiyyatına, xüsusilə heyvandarlığa, insan sağlamlığına və qida təhlükəsizliyinə ciddi zərər vurur.

İti yoluxucu xəstəliklərdən heç bir ölkənin sığortalanmasının mümkün olmadığını diqqətə çatdıran Azər Süleymanov qeyd edib ki, tədbirdə təqdim edilən xəstəliklərin əksəriyyəti region üçün xarakterik deyil. İnfeksion və invazion ekzootik xəstəliklərlə mübarizə aparmaq, vaxtlı-vaxtında müalicə-profilaktika tədbirləri görmək ölkə baytarlarının əsas vəzifələrindən biridir. Odur ki, bu xəstəliklərin profilaktikası, diaqnozu, müalicəsi və xəstəliklər zamanı aparılan dezinfeksiya tədbirlərinin keyfiyyətinin qiymətləndirilməsi barədə məlumatlar, alim məsləhəti və tövsiyələri vacibdir.

Seminarda "İribuynuzlu və xırdabuynuzlu heyvanların əsas təhlükəli virus mənşəli xəstəlikləri, onların diaqnostikası və profilaktikası haqqında (nodulyar dermatit, paraqrip-3, viruslu diareya, adenovirus, rota və koronavirus, rinotraxeit infeksiyası və s.,)", "Xırdabuynuzlu heyvanların əsas təhlükəli virus xəstəlikləri, onların diaqnostikası və profilaktikası haqqında (blutanq, xırdabuynuzlu heyvanların taunu, çiçək xəstəlikləri və s.,)", "İri və xırdabuynuzlu heyvanların virus xəstəliklərinə qarşı mübarizə tədbirləri (peyvənd, müalicə vasitələri, dezinfeksiya, dezinseksiya və s.,), "Xırdabuynuzlu heyvanların invazion xəstəliklərinin profilaktika və müalicə vasitələri" mövzularında məruzələrlə çıxış edən Rusiya Federasiyasının "NARVAK" Elmi-İstehsalat Birliyinin elm işlər üzrə baş direktorunun müavini, baytarlıq elmləri doktoru İrina Anatolyevna Proxorova ayrı-ayrı xəstəliklərin profilaktikasından, diaqnostikasından, müalicəsindən və dezinfeksiyanın qiymətləndirilməsindən ətraflı məlumat verib. Məruzəçi bildirib ki, infeksiya və invaziyalar yalnız inkişaf etməkdə olan deyil, həm də inkişaf etmiş ölkələrin ən böyük problemi olmaqda davam edir. Əvvəllər sadəcə hər hansı bir ölkə və ya bölgələrə xas olan xəstəliklər indi bütün dünyada sürətlə yayıla bilir. İnfeksiyalarla mübarizə üçün baytar həkimlərinin xəstəliklər barədə ətraflı məlumatı olmalı, düzgün diaqnozu təyin etməli, profilaktik-müalicə işlərini aparmalı və dezinfeksiya üsullarını bilmələri çox vacibdir. Aparılan tədbirlərin əsas məqsədi infeksiyanı və invaziyanı yayan xəstəlik mənbələrinin zərərsizləşdirilməsidir. Sonda məruzələr ətrafında çıxışlar olub, alim və mütəxəssislərin diskusiyaları keçirilib, suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb və gələcəkdə bu kimi tədbirlərin müntəzəm olaraq davam etdirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə