Mərkəzi Bank məzənnə fərqini aradan qaldırmasa...

Ekspert: "Məzənnə fərqi üzündən dollarla olan kreditlərin geri qaytarılmasında ciddi problemlər yaranıb"
Mərkəzi Bank məzənnə fərqini aradan qaldırmasa...

"Mərkəzi Bankın uçot dərəcəsini dəyişməklə hansı məqsədləri reallaşdırmaq istədiyi aydın məsələdir. Düşünürəm ki, bu addımın atılmasında məqsəd manata olan inamı bərpa etməkdir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.

İqtisadçı ekspert bildirib ki, bank sistemində yaranmış dollarlaşmanın səviyyəsinin bu addımdan sonra optimallaşa biləcəyi bir qədər şübhə doğurur: "Ancaq müəyyən nəticələr əldə oluna bilər. Lakin əsas məsələ - dollarla olan kreditlərin məzənnə problemi məsələsi həll olunmayınca, manata olan inamın bərpası istiqamətində atılan hər hansı bir addımın yaxşı səmərə verə biləcəyi şübhə döğurur. Ortada dollarla verilmiş kreditlərlə, dollarla olan əmanətlər arasında bir bağlılıq mövcuddur. Məzənnə fərqi üzündən bu gün dollarla olan kreditlərin geri qaytarılmasında ciddi problemlər yaranıb. Digər tərəfdən bu kreditlərin böyük bir hissəsinin təminatsız olması bankların qayğısını kifayət qədər artırır. Çünkü kreditlərin qaytarılmaması dollarla olan əmanətlər üçün də ciddi problemlər yaradır. Bir müştəri dollarla aldığı krediti geri qaytara bilmirsə deməli bank da dollarla olan əmanəti vətəndaşa qaytarmaq sahəsində problemlərlə üzləşəcəkdir. Bu səbəbdən də Mərkəzi Banka tövsiyyə edilir ki, məzənnə fərqi probleminin fərqinə varsın".

Fikrət Yusifov hesab edir ki, əgər Mərkəzi Bank məzənnə fərqini aradan qaldırmasa, bankların likvidliyi ciddi təhlükə ilə üz-üzə qalacaq: "Bundan başqa dollar kreditləri alan müştərilərin manat yükünün iki dəfə artması da çox ciddi sosial problemdir".

Bütün xəbərlər Facebook səhifəmizdə