"Rusiyanın dedollarizasiya təklifinin perspektivi" Ekspert rəyi

"Rusiyanın dedollarizasiya təklifinin perspektivi" Ekspert rəyi

"MDB ölkələri çərçivəsində dedollarizasiya prosesinin dünya bazarına təsiri baxımından üfüqləri aydın görsənmir, ona görə ki, dünya ticarətinin 80% dollarla hesablaşmalar əsasında həyata keçirilir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyey deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Rusiya Dövlət Dumasına ünvanladığı qanun layihəsi xarici valyutalardan imtina və Rusiya, Belorusiya, Kazaxstan, Ermənistan, Qırğızstan, Tacıkıstan dövlətləri arasında vahid və inteqrasiya edilmiş maliyyə bazarının yaranmasını, o cümlədən, hesablaşmalarda dollar və avrodan imtinanı nəzərdə tutur: "Bu ideyanın perspektivi ona görə skeptik görsənir ki, MDB ölkələri arasında daxili ticarət həcmi o qədər də böyük deyil ki, dünya ticarət proseslərinə təsir edsin. Dünya əmtəə ticarətində hesablaşmaların böyük əksəriyyəti dollar üzərində aparılır. Neftin bareli, taxılın buşeli, qızılın unsiyası dollarla alınır və satılır. Ona görə MDB-də qiymətlərin tənzimlənməsi dollara bağlanacaq".

E.Əliyev əlavə edib ki, bu ideya ilk olaraq AvroAsiya İqdisadi İttifaqın üzv ölkələrinə təklif edilə bilər: "Orada milli iqtisadiyyatların Rusiyanın durumundan çox asılılığı mövcuddur. Bu mexanizm Azərbaycana da təklif edilə bilər. Lakin bizim üçün bu cür hesablaşmalar modeli uyğun olmaya bilər. Rusiya və Kazaxstanın milli valyutaları neft qiymətlərindən asılıdır. Belorusiya rublu Rus rublundan asılı vəziyyətdədir. Qırğızstan və Tacıkıstan valyutaları güclü devalvasiya təsirləri altına düşüblər. Hesab edirəm ki, ABŞ dollarının dünya əmtəə ticarətində heqemon mövqeyi bundan sonra daha da güclənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə