Elman Rüstəmov: "Sosial ipoteka üzrə faiz dərəcələrində heç bir dəyişiklik olmayacaq" AÇIQLAMA
"İpoteka kreditləri üzrə məbləğin artırılması gözlənilir, faiz dərəcəsinin aşağı salınması isə yeni yaradılan "Azərbaycan İpoteka Fondu" ASC-nin səlahiyyətində olacaq". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Elman Rüstəmov bildirib ki, sosial ipoteka üzrə faiz dərəcələrində heç bir dəyişiklik olmayacaq: "Kommersiya ipotekasında isə faiz dərəcəsi müzakirə mövzusudur. Bazarda yeni reallıqlar var. Bu reallıqlara uyğun olaraq, qərar qəbul olunacaq. Yeni yaradılacaq "Azərbaycan İpoteka Fondu" ASC dövlətdən, dövlət büdcəsindən vəsait gözləməməlidir. Fondun özü qiymətli kağızlarını buraxmaqla, bazardan vəsait cəlb edə, qiymətli kağızlara xarici investorların marağını artıra bilər. Bu, Mərkəzi Bankın mövqeyidir. Belə olduğu halda, daha çevik faiz siyasəti həyata keçiriləcək. Bilirsiniz ki, ilkin olaraq sosial ipoteka üçün dövlət büdcəsindən Fonda 50 milyon manat ayrılacaq. Bazardan da əlavə vəsait cəlb olunacaq. Hesab edirəm ki, Mərkəzi Bank da özünün məqsədlərinə müvafiq olaraq, ölkədə iqtisadi stabilliyi təmin etmək üçün bu proqramda iştirak edəcək".
Elman Rüstəmov həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına da münasibət bildirib. O qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasından sonra kommersiya banklarının likvidlik probleminin həllinə yönələn kömək funksiyası Mərkəzi Bankda saxlanılacaq: "Palatanın yaradılması Mərkəzi Bankı maliyyə sabitliyi məsələlərindən kənarda qoymur. Sadəcə olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank öz funksiyaları çərçivəsində bu istiqamətdə effektiv əməkdaşlıq edəcəklər. Palata öz öhdəsinə düşən funksiyaları yerinə yetirəcək. Bütövlükdə, ölkədə pul siyasətini həyata keçirən orqan kimi Mərkəzi Bank qanunvericilikdə nəzərdə tutulmuş çərçivədə məsuliyyət daşıyacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB