Sabirabad rayonunun qəsəbə və kəndlərinin təbii qazla təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla icra olunur. İndiyədək rayonun 74 yaşayış məntəqəsindən 48-i qazlaşdırılıb. Onların sırasına 3 min 112 nəfər əhalinin yaşadığı Nizami kəndi də əlavə olunub. 596 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7571 metr təşkil edən polietilen və 45474 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 596 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vahid Həsənov Prezident İlham Əliyevin göstərişi ilə ölkənin qazlaşdırılması istiqamətində həyata keçirilən layihələrin rayonda da uğurla icra olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, ötən il rayonun 18 kəndinə "mavi yanacaq" verilib. Hazırda 13 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi davam etdirilir və işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu kəndlərin sakinləri də təbii qazdan istifadə edəcək. Cari ilin sonuna kimi rayonun bütün qəsəbə və kəndləri qazlaşdırılacaq.
Mərasimdə çıxış edən kənd sakinləri onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rəmzi məşəl alovlandırıldıqdan sonra evlərə təbii qaz verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB