Dəyişikliklərin Prezident tərəfindən geri qaytarılması nələrin qarşısını aldı? EKSPERT ŞƏRHİ

Dəyişikliklərin Prezident tərəfindən geri qaytarılması nələrin qarşısını aldı? EKSPERT ŞƏRHİ

"Milli Məclisin təsdiq etdiyi "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsini Prezident İlham Əliyevin imzalamadan geri qaytarması çox müsbət addımdır. Həmin qaydaları Parlament təsdiq edən zaman biz onun əleyhinə çıxmışdıq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, dəyişikliklərdə yer alan qaydalar təsdiq olunsaydı, ölkə iqtisadiyyatına iki neqativ təsiri ola bilərdi: "Birinci məqam ondan ibarətdir ki, həmin qaydaların təsdiqi xarici sərmayənin cəlb edilməsində ciddi çətinliklər formalaşdıracaqdı. Maliyyə naziri həmin qaydaların yalnız Azərbaycan vətəndaşları üçün olduğunu bildirsə də, nəzərə almaq lazımdır ki, bu qaydaların psixoloji təsirləri olcaqdı. Əgər belə qaydalar qəbul olunsaydı, xüsusən xarici investorların öz valyutalarını Azərbaycandan çıxara bilməmələri ilə bağlı narazılıqları yarancaqdı ki, bu da sərmayələrin cəlb edilməsində ciddi çətinliklərə gətirib çıxaracaqdı. Dəyişikliklər Parlamentdə təsdiq ediləndən sonra dünyanın ən aparıcı mətbu orqanları bu məsələyə yer ayırdı və valyutaların Azərbaycandan çıxışının məhdudlaşdırılacağı ilə bağlı məqalələr dərc etdilər ki, bu da ölkəyə investisiyanın cəlb edilməsinə ciddi psixoloji təsir göstərdi".

Ekspertin sözlərinə görə, ikinci neqativ məqam isə odur ki, bu qaydalar Azərbaycan vətəndaşlarına aid edilsə də, diskriminativ xarakter daşıyacaqdı: "Əgər dəyişikliklər təsdiq edilsəydi, vətəndaş gəlir əldə edərkən vergilərini ödəyib, digər ödənişləri həyata keçirəndə belə, həmin vəsaitini səbəst şəkildə ölkə daxilində hərəkət etdirə və ölkədən çıxarmaq imkanlarına malik olmayacaqdı. İndi valyutanı ölkədən xaricə çıxaran zaman gəlir bəyannaməsinin təqdim edilməsinə ehtiyac var ki, bu da tədiyyə balansında pulların hərəkətinin qeydiyyata alınması baxımından vacibdir. Amma gəlir əldə etmiş və bütün vergiləri ödəmiş vətəndaşın pulu onun halal puludur. Həmin pulun ölkədən çıxışına bu tip xüsusi qadağaların müəyyənləşdirilməsi heç bir halda arzuolunan deyil.

Dəyişikliklər təsdiq olunsaydı, vətəndaş gəlir əldə edəndən sonra o gəliri xaricdə hər hansı bir işlə bağlı istifadə etmək üçün yenidən vergi ödəməli olacaqdı. O zaman vətəndaş bir növ ikiqat vergi ödəməli idi. Çünki o, artıq həmin pulun vergisini ödəyib".

V. Bayramov vurğuylayıb ki, dəyişikliklərin ölkə başçısı tərəfindən təsdiq edilmədən geri qaytarılması, həm vətəndaşlar üçün diskriminativ xarakter daşıyan halın, həm də xarici insvestisiyanın ölkəmizə cəlb edilməsi ilə bağlı psixoloji əngəllərin aradan qaldırılmasına imkan yaradacaq.

Xatırladaq ki, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20%-i miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə