Mehdi Səlimzadə: "Bəzi bələdiyyələrdə qanunsuz xərclənmə aşkarlanıb"

Mehdi Səlimzadə: "Bəzi bələdiyyələrdə qanunsuz xərclənmə aşkarlanıb"

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. SİA-nın məluamtına görə, iclasın gündəliyində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi yer alıb.

İclasda iştirak edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə məruzə ilə çıxış edib. Bildirib ki, bələdiyyələrlə bağlı vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki illərə nisbətən az olub: "2015-ci ildə vətəndaşlardan daxil olan 2093 müraciətə baxılıb. Onlardan 107 müraciət tərəfimizdən tam, 20 müraciət isə qismən təmin olunub. Əvvəlki illərə nisbətən müraciətlərin az olmasının səbəbi bələdiyyələrin birləşdirilməsi ilə əlaqədar saylarının azalması ilə bağlıdır. Daxil olan müraciətlər araşdırılıb. Onlardan 65 araşdırma materialı prokurorluq orqanlarına göndərilib. Bunlardan 3-ü isə korrupsiya faktlarını əsk etdirir. Müraciətlərə baxılıb hüquqi qiymət verilməsi istiqamətində tədbirlər davam etdirilir".

Mərkəz rəisi qeyd edib ki, aparılan araşdırmalar nəticəsində müəyyən maliyyə pozuntuları aşkar olunub: "Həmin maliyyə pozuntuları nəticəsində ortaya çıxan maliyyə vəsaitlərinin ödənilməsi təmin edilib. Bu da əvvəlki illərə nisbətən iki dəfədən çoxdur".

M. Səlimzadə vurğulayıb ki, ötən il bələdiyyələrdən daxil olan aktların sayı əvvəlki illərlə müqayisədə 11,6 faiz az olub: "Bələdiyyələrdən daxil olan aktlara ekspertiza nəzarəti həyata keçirilib. Nəticədə 2007 aktın dəyişdirilməsi və ləğv olunması tərəfimizdən bələdiyyələrə təqdim olunub. Qanunsuz zəbt olunan torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması tərəfimizdən təmin olunub".

O, deyib edib ki, bəzi bələdiyyələrin qərarlarını qanunun tələblərinə uyğun olaraq təqdim etməmələri müəyyən olunub: "Ötən ilə nisbətən 12,8 faiz bələdiyyə qərarlarının göndərilməməsi müaşahidə olunub. Bununla bağlı hüquqi tədbirlər davam etdirilir. 330 bələdiyyə sədri haqqında məhkəmə qərarı verilib".

M.Səlimzadə, həmçinin bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin mövzularını açıqlayıb: "Daxil olan müraciətlər əsasən vətəndaşların torpaq sahələrinin ayrılması ilə bağlı göndərdikləri sorğulardır. 2903 müraciətdən 500-ə yaxını torpaq sahələrinin ayrılması, digərləri sənədləşdirilməsi ilə bağlıdır. Onların bəzilərinin qismən təmin olunmasına çalışmışıq. Araşdırma nəticəsində məlum olub ki, vətəndaşların torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı bələdiyyələrin laqeyd münasibəti haqda müraciətləri tam olaraq həqiqəti əks etdirmir. Digər müraciətlər torpaq mübahisəsi ilə bağlı olub ki, onlardan 14-ü tərəfimizdən təmin olunub. Qalanlarına izah xarakterli cavablar verilib.

Bəzi bələdiyyələrin vəzfəli şəxlərindən də xeyli sayda müraciət daxil olub. Tərəfimizdən araşdırılıb. Məlum olub ki, həqiqətən də bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən nöqsanlara yol verilib. Lakin daxil olan müraciətlərin əksəriyyətinin həqiqətə uyğun olmadığı aşkar olunub".

Mərkəz rəisi 2015-ci ildə qanunsuz torpaq satışı olmadığını qeyd edib. Onun sözlərinə görə, bəzi bələdiyyələrdə qanunsuz xərclənmə aşkarlarıb: "Bunun obyektiv və subyektiv səbəbləri olub. Bələdiyyə əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı 4 müraciət daxil olub. Həmin faktlar təsdiqini tapıb və hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara təqdim olunub. Ötən il rüşvətlə bağlı bir fakt qeydə alınıb".

Daha sonra müxtəlif bölgələrdən olan bələdiyyə sədrləri çıxış edib, deputatların suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə