Ekspert: “Neft bazarı qərarlaşmayıb” AÇIQLAMA

Ekspert: “Neft bazarı qərarlaşmayıb” AÇIQLAMA

"Əmtəə ticarəti, xüsusi ilə xam neftin treydinqi ilə məşqul olan aparıçı şirkətləri, o cümlədən Morgan Stanley və Societe Generale kimi bankların iqtisadçıları öz proqnozlarında belə nəticəyə gəliblər ki, neft bazarındakı tələb təklifi balanslaşdıracağı müddətlər hələ də dəqiq deyil. Məlum olduğu kimi, xam neft bazarında profisit mövcuddur, təklif tələbi hələ də üstələyir. Bu isə qiymətin formalaşmasında ən güclü təsirə malik olan faktordur". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, o da nəzərə alınmalıdır ki, bazarın ümumi konyunkturasına dair proqnoz (dünya iqtisadiyyatının inkişaf templərinin zəifləməsi, enerjiyə qənaət edən texnologiyaların inkişafı) hələ də mənfidir: "Fundamental təhlil üçün aşağıdakı bilgilər də faydalı ola bilər: 2016-cı ilin yanvar ayında Çin iqtisadiyyatının istehsal sektorunda aktivliyin azalması son 3,5 il ərzində rekord göstərici nümayiş etdirdi. Həmin dövrdə Cənubi Koreyanın ixracı son 6 il ərzində ən minimal göstərici ilə yekunlaşdı".

E.Əliyev əlavə edib ki, neftin bazardakı təklifi dayanıqlıdır və hələ də tələbi üstələyir: "Təklifin artma potensialı varsa belə (yaxın zamanda İran neftinin bazara həcmli daxil olması), tələbin artması potensialı isə birmənalı deyil" - açıqlamada qeyd edilir. Neftin qiymətinin artmasına yeganə drayver rolunda OPEC çıxış edə bilər. Sonuncunun hərəkətləri isə hələ də qeyri müəyyəndir və optimizm üçün əsas vermir. Analitiklərin Rusiyanın və OPEC-in hasılatı azaltmayacaqlarına dair olan gözləntisi də nəzərə alınmalıdır. Nəticə etibarı ilə eniş tsikli hələ də davam edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə