Hazırda İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılması istiqamətində iş aparılır. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Xəlil İbrahim Akçanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Nazir Şahin Mustafayev Xəlil İbrahim Akçanı yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzulayıb, bu səfərin Azərbaycan və İƏT arasında uğurlu əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb.
Qeyd edilib ki, Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığa böyük önəm verilir, təşkilatın müxtəlif təşəbbüsləri çərçivəsində üzv ölkələrlə bir sıra sahələrdə sazişlər imzalanıb. Bildirilib ki, 2013-cü ildə ECOBANK-a üzv olmuş Azərbaycan quruma üzv digər ölkələrlə siyasi, iqtisadi və humanitar sahələrdə uğurla əməkdaşlıq edir. Hazırda İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda İƏT-in Tədqiqat Mərkəzinin yaradılması istiqamətində iş aparılır. Şahin Mustafayev ölkəmizin iri enerji və regional nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı, dünyada etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb, son illər ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı istiqamətlərində həyata keçirilən tədbirlərdən danışıb.
Görüşdə Azərbaycanın böyük tranzit imkanları qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. iri layihələrin ölkəmizin tranzit potensialının artırılmasındakı rolu vurğulanıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça Azərbaycana səfərindən məmnunluğunu bildirib, Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini xüsusi vurğulayıb, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, İƏT-lə əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bildirib.
Görüşdə Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı arasındakı mövcud əlaqələrə, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB