TANAP-ın inşası sürətlə davam etdirilir

TANAP-ın inşası sürətlə davam etdirilir

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası üzrə işlər Türkiyənin Yozqat rayonunda da sürətlə davam etdirilir. TANAP-ın tikintisinə dair işlərin icra edildiyi Doğankənddə borular sahələrə gətirilir və kəmərin xəritəsi üzrə düzülür. Buradakı tikinti sahələrində 300 nəfər müxtəlif işlərə cəlb olunub.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP boru kəmərinə birləşərək "Cənub" qaz dəhlizinin əsas hissəsini təşkil edən TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 850 kilometr olacaq. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı nəql edəcək TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub" qaz dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.

Bütün xəbərlər Facebook səhifəmizdə