"Federal Ehtiyat Sisteminin (FES) qeyd olunan qərarı bəzi ölkələrə sözsüz ki, müsbət heç nə bəxş etməyəcək. Lakin bu fikri bütün dünya iqtisadiyyatı üçün söyləmək olmaz". Bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov FES-in uçot dərəcələrini artırmasının ardından dolların bahalaşmasını şərh edərkən qeyd edib.
O vurğulayıb ki, burada bir sual yaranır: "Bunu ABŞ mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminin (FES) baza faiz dərəcəsini 0,25 artırması şərtləndirdimi? Sözsüz ki, yox. Doğrudur, FES-in qərarı aid olduğu ölkənin özündən çox kənarında rezonans yaradıb. Bu da təbiidir, o səbəbdən ki, dolların daha da bahalaşacağı ehtimalı ortaya çıxdığından, digər ölkələrin valyutaları ilə onlardakı mövcud iqtisadi aktivlik üçün əlavə gərginlik təhlükəsi yaranıb. Halbuki, məsələ heç də düşünüldüyü kimi deyil.
Dünya iqtisadiyyatında yaranmış situasiyada ixracının strukturuna diqqət yetirməyi vacib saymayan, o cümlədən xarici dövlət borclarının səviyyəsi ÜDM-in kritik həddində olan ölkələr üçün təbii ki, yaxşı heç nə baş verməyəcək.
Məsələn, Braziliyada dollar məbləğində xarici dövlət borcu səviyyəsi çox olduğu, habelə büdcə və tədiyyə balansında mövcud defisit baxımdan vəziyyət kritik həddə sayıldığından FES-in qeyd olunan qərarı bunun kimi ölkələrə sözsüz ki, müsbət heç nə bəxş etməyəcək. Ancaq bunu bütün dünya iqtisadiyyatı üçün söyləmək olmaz".
FES-in məlum qərarının Avropa İttifaqı iqtisadiyyatının durğun vəziyyətdən çıxması üçün müsbət təsir bağışlayacağını deyən ekspert bildirib ki, bütövlükdə dünya iqtisadiyyatında FES-in sözügedən qərarının müqabilində ciddi nəsə baş verəcəyini gözləməyə dəyməz: "Əksinə, tamamilə hesab etmək mümkündür ki, bu, neftin qiyməti ilə bağlı tendensiyalar üçün də zəruri və vacib təsir əhəmiyyəti daşıyacaq. Bilavasitə, Azərbaycana gəldikdə isə, manatın dəyərini qoruyub saxlamaq istəyiriksə, onun neftə bağlılığından tamamilə yaxa qutarmağa nail olmaq lazımdır. Belə ki, ölkəyə təkcə neftdən deyil, digər növ məhsul və xidmətlərin satışından da xarici valyutaların axışına müvəffəq olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB