"ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərarla bir sıra inkişaf etməkdə olan ölkələrin- xüsusən də Braziliya qarışıq Cənubi Amerika ölkələrinin, Çinin, Rusiyanın, Türkiyənin və sair bu kimi ölkələrin milli valyutalarının məzənnəsinə təzyiqi artacaq. Bununla da sözügedən ölkələrdə milli valtutanın məzənnəsinin aşağı düşməsi prosesi davam edə bilər". Bu fikirləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin deputatı Əli Məsimli deyib.
""Nə şiş yansın, nə də kabab" məntiqindən çıxış etməklə əvvəlcə tənzimlənən üzən məzənnə siyasətinə keçmək daha məqbul variantdır"
Əli Məsimli FES-in uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərarın Azərbaycana təsiri olub olmayacağına da aydınlıq gətirib. Deputat bildirib ki, bu qərarın psixoloji təsirindən hamıya pay düşsə də, hələlik Azərbaycan manatına birbaşa təsiri yoxdur, çünki manat sərbəst surətdə bazar qanunauyğunluqları əsasında yox, birbaşa Mərkəzi Bank tərəfindən tənzimlənir: "Amma dolayı təsir olacaq. Məlumdur ki, manatın məzənnəsi dollar və avrodan ibarət valyuta səbətinə uyğun şəkildə tənzimlənir. Ona görə, FES-in uçot dərəcəsinin artırılması dollar və avro münasibətlərinə, bu isə müəyyən dərəcədə manata da təsir edəcək. Bundan başqa sözügedən təsir daha çox dolların bahalaşması, neftin qiymətinin aşağı düşməsi, ölkədən kapital axının güclənməsi, bizimlə daha çox ticarət əlaqəsində olan Rusiya, Türkiyə kimi ölkələrin milli valyutalarının dollara nisbətdə dəyərdən düşməsinin davam etməsi şəklində olacaq. Ən təhlükəlisi isə panika və dollar ajiotajıdır. Əgər hökumət dollar ajiotajının yaranmasına imkan verməsə, manatın nisbi sabitliyi hələ bir müddət də saxlanıla bilər. Amma neftin qiyməti 30 dollar və ondan aşağı ensə və həmin qiymət bir müddət qalsa, onda Azərbaycanın təsiyyə balansında müsbət saldo aradan qalxacaq və manatın devalvasiyası qaçılmaz olacaq. Bununla yanaşı onu da xüsusi qeyd etmək lazımdır ki, hazırda elə bir şərait yaranıb ki, Mərkəzi Bank indi yeritdiyi siyasəti uzun müddət davamlı olaraq həyata keçirə bilməz. Diğər tərəfdən isə Azərbaycan hələ sözün əsl mənasında bazar münasibətlərinin tələbləri əsasında qurulan " üzən məzənnə siyasəti"nə keçməyə hazır olmadığından, mətbuatda tez-tez adı hallandırılan həmin siyasətə də birbaşa keçə bilməz. Deməli "nə şiş yansın, nə də kabab" məntiqindən çıxış etməklə əvvəlcə tənzimlənən üzən məzənnə siyasətinə keçmək daha məqbul variantdır. Eyni zamanda ciddi, sistemli və sürətli islahatlar rejiminə keçməklə vəziyyətdən az itki ilə çıxmaq imkanı realdır".
"Maliyyə Nazirliyi neftin qiyməti ilə bağlı ehtiyatını möhkəm tutaraq optimist, orta və pessimist variantlarda ssenarilər hazırlayıb"
Neftin qiymətinin sürətlə enməsinin Azərbaycan iqtisadiyyatına təsirinə də toxunan deputat qeyd edib ki, 2016-cı ilin büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan götürülüb. Amma artıq 2015-ci il dekabrın ortalarına dünya bazarında neftin bir barrelinin qiyməti 38 dollar ətrafındadır: "Bir sıra ekspert mülahizələrinə görə, bu hələ gözlənilən ən aşağı hədd deyil və qiymət bundan da aşağı enə bilər. Buna baxmayaraq, fikrimizcə, neftin qiymətinin gələn ilin büdcə proqnozlarından da aşağı düşməsindən sonra hökumətin büdcəni yenidən müzakirəyə çıxarmasına lüzum olmayacaq. Çünki Maliyyə Nazirliyi neftin qiyməti ilə bağlı ehtiyatını möhkəm tutaraq optimist, orta və pessimist variantlarda ssenarilər hazırlayıb. Yəni Maliyyə Nazirliyinin əlində "neftin qiyməti 40 dollara və ondan da aşağıya düşdüyü şəraitdə nə etməli?" sualına cavabı özündə əks etdirən ehtiyat variant olduğundan və bu, Nazirliyə neftin qiymətinin gələn ilin büdcə proqnozlarından da aşağı düşməsi şəraitində yetərincə manevr etmək imkanı verdiyindən,hökümətin büdcəni yenidən müzakirəyə çıxarmasına ehtiyac yoxdur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB