AZAL flaşmob keçirib

Dekabrın 17-də Heydər Əliyev Beynəlxalq Hava Limanında gözlənilməz musiqili fleşmob keçirilib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Şəhərin qonaqlarını birinci terminalın gəlmə zalında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi, ölməz "Arşın Mal alan" operettasından uvertüra ifa edən Bülbül adına musiqi məktəbinin kiçik simfonik orkestri qarşılayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fleşmob eskalatorla aşağı enən nağara ifaçısının ritmik kompozisiyalar ifa etməsi ilə başlamışdır. Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalının müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlayıblar.

Gəlmə tablosunun qarşısında bir kollektivdə toplaşan orkestr ikinci mərtəbədə görünən Teymur Göyçayevin göstərişi ilə Üzeyir Hacıbəyovun məşhur əsərini möhtəşəm şəkildə ifa etmiş və bu da orada olan insanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il Azərbaycanda görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi qeyd edilir.

Video ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.youtube.com/watch?v=CS2yq6IKoqE&feature=youtu.be

Bütün xəbərlər Facebook səhifəmizdə