Bank işçiləri imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Beynəlxalq Bankın müraciəti əsasında bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanda Beynəlxalq Bankın 710 nəfər əməkdaşının iştirakı nəzərdə tutulur. İşçilərin biliyinin qiymətləndirilməsi dörd istiqamət - Xəzinə işi, Əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılacaq və iştirakçılara 100 test tapşırığı təqdim olunacaq: "Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aiddir, 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyənləşdirir".

İmtahan dekabrın 19-da Bakı şəhərində, Bakı Kristal Zalında iki növbədə təşkil olunacaq. I növbə saat 10.00-da, II növbə saat 15.00-da başlanacaq və hər imtahan 3 saat ərzində aparılacaq.

İmtahana buraxılış şəxsiyyət vəsiqəsi və "İmtahana buraxılış vərəqəsi" əsasında aparılacaqdır. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün iştirakçılar imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə