Lənkəranda 53 minə yaxın heyvan peyvənd olunacaq

Lənkəranda 53 minə yaxın heyvan peyvənd olunacaq

Lənkəran rayon Baytarlıq İdarəsi dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə start verib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir çərçivəsində idarə əməkdaşları tərəfindən 53minə yaxın heyvan peyvənd olunacaq. Lənkəran rayon Baytarlıq İdarəsinin rəisi Əzizağa İskəndərovun sözlərinə görə, peyvəndləmə işlərinin aparılması üçün Respublika Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti xidməti tərəfindən Lənkəran rayon Baytarlıq İdarəsinə lazımi qədər vaksin göndərilib. Bu vaksinlər bir ay müddətində iri və xırda təsərrüfatlarda heyvanlara vurulacaq. Dabaq xəstəliyi çox sürətlə yayılan bir infeksion xəstəlik olduğundan xəstəliyə qarşı əsasən yaz, payız aylarında vaksinasiya aparılır. Bu cür infeksion xəstəliklər heyvanlar arasında kütləvi baş verir. Buna görə də böyük iqtisadi ziyanın qarşısını almaq və vaxtında peyvəndləmə işləri aparmaq üçün yerlərdə Dövlət Baytarlıq Xidmətinin mütəxəssislərinə köməklik göstərilməli, müvafiq şərait yaradılmalıdır. Dabaq xəstəliyinə qarşı peyvəndləmə yanvarın əvvəllərində başa çatacaq. Daha sonra qarayara, nodulyar dermatit və digər infeksion xəstəliklərə qarşı vaksinləmə işi aparılacaq.

Qeyd edək ki, Lənkəranda 53 minə yaxın iribuynuzlu mal-qara, 21 min 421 baş qoyun və keçi var.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə