"Azərbaycan Cənub qaz dəhlizinin əsas karbohidrogen mənbəyidir" FOTO
Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marek Salka Caspian Energy İntrenatinal Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, görüş zamanı Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərinə, Azərbaycan və Polşa biznes ictimaiyyəti səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub.
"Polşa Azərbaycanı Cənubi Qafqaz regionunda lider dövlət, həmçinin böyük inkişaf potensialına sahib ölkə qismində görür", - deyə Marek Salka qeyd edib.
Görüş zamanı səfir iqtisadi islahatlar məsələsinə də toxunub: "Biz Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesini böyük maraqla izləyirik. Bununla əlaqədar Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı sahibkarlıq fəaliyyətinin liberallaşdırılması, icazələrin verilməsi sisteminin sadələşdirilməsi və səlahiyyətlərin böyük hissəsinin ASAN Xidmətə verilməsi ilə bağlı fərmanı yüksək qiymətləndiririk".
Onun sözlərinə görə, Azərbaycan Polşanın simasında Avropada, xüsusilə də maraqların üst-üstə düşdüyü yerlərdə mənafelərinin güclü təmsilçisini əldə edə bilər. "Bu, olduqca vacibdir. Azərbaycanın xarici doktrinası özündə Avropa və Avroatlantik məkana inteqrasiyanı ehtiva edir. Zənnimizcə, Azərbaycanın ÜTT-yə daxil olması məsələsini nəzərdən keçirmək məqsədəmüvafiq olardı. Belə bir addımın atılması gələcəkdə daha səmərəli iqtisadi nəticələrin əldə edilməsi imkanı qazandırar", - deyə o vurğulayıb.
Bundan əlavə, səfir qeyd edib: "Bizim strateji maraqlarımız Azərbaycanın öz sabitliyini qoruyub saxlamasına, Avropa bazarına sahib olduğu ən yaxşı məhsullarla çıxmasına və müxtəlif sahələr üzrə istehsalatı təşkil etməkdən ötrü çoxistiqamətli inkişafa nail olmasına xidmət edir. Çünki Azərbaycan iqtisadiyyata, yeni iş yerlərinin açılmasına, cəmiyyətin inkişafına öz gəlirlərini yönəltmək iqtidarındadır".
Enerji layihələrinin həyata keçirilməsi məsələsinə toxunan səfir bildirib ki, cari ilin yanvar ayında Polşa ilə Ukrayna arasında interkonnektorun inşası ilə bağlı saziş imzalanıb. Oktyabrın 19-da layihənin iqtisadi-texniki əsaslandırılması artıq başa çatıb. "Bu körpü enerji ictimaiyyətinin, həmçinin Mərkəzi və Şərqi Avropa regionu ölkələrinin qaz bazarlarının inteqrasiyası baxımından mühüm rol oynayır", - deyə vurğulayıb. Polşa üçün Avropa İttifaqına xammal tədarük edən hər bir qaz layihəsinin Avropanın qanun normalarına uyğun fəaliyyət göstərməsi çox vacibdir.
Onun sözlərinə görə, Polşa Avropa Birliyinin neft və qaz tədarükçülərinin və marşrutların diversifikasiyasını tamamilə dəstəkləyir. "Cənub Qaz Dəhlizi" layihəsi də məhz bu sexmə xidmət edir. "Beləcə, biz Aİ çərçivəsində Enerji İttifaqının təşkili üçün fəaliyyət göstərmiş oluruq", - deyə o deyib.
Onun fikrincə, Cənub qaz dəhlizinin işə salınması qazın Avropa İttifaqına nəqlinin diversifikasiyası strategiyasında prioritetlərdən biri olmalıdır. "Sözügedən layihə Aİ-nin enerji bazarının bir tədarükçünün hakimliyindən azad olması istiqamətində yönəldilmiş cəhdlərin bir hissəsidir. Aİ-də qaz idxalının balanslaşdırılmış strukturu ittifaq qaz sektorunu birmənalı olaraq müttəfiq qaz sektorunun fəaliyyətinin sabitliyinə müsbət təsir göstərir", - deyə o qeyd edib.
"Zənnimizcə, Cənub dəhlizi Avropa İttifaqına qaz idxalı imkanını yalnız Xəzər regionu ilə məhdudlaşmamalıdır. Gərək bu yolu Aİ-yə Yaxın Şərq ölkələrindən və Aralıq dənizinin şərq hissəsindən qaz idxalı üçün necə istifadə etmək barəsində də düşünək. Bundan əlavə, xammal tədarükünün təhlükəsizliyinin məhz Aİ-nin hüquqi prinsiplərinə uyğun şəkildə təmin edilməsi də mütləqdir", - deyə Marek Salka deyib.
Səfir xüsusilə vurğulayıb ki, "Azərbaycan Cənub qaz dəhlizinin əsas karbohidrogen mənbəyidir". "Biz bu məsələdə tam əminlik hiss edir və Avropa bazarına daxil olmaqda dövlətinizi dəstəkləyirik. Bu prosesdə sizə hər cür kömək göstərməyə hazırıq", - deyə Marek Salka çıxışına yekun vurub.
Görüşün sonunda Marek Salka Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə səfir ikitərəfli əlaqələrin inkişafı, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının inkişaf perspektivlərindən danışıb, turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərindən bəhs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB