Seminar öz işinə başlayıb

Dekabrın 1-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Avropa Regional Ofisində "Malların buraxılması və rəsmiləşdirilməsi" mövzusunda seminar öz işinə başlayıb. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən xəbərə görə, Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə keçirilən seminarda Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edir.

Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov Kioto Konvensiyasına qoşulduqdan sonra Azərbaycan Respublikasının həyata keçirdiyi tədbirlər barədə məlumat verib. C.Qasımov ötən müddət ərzində gömrük qanunvericiliyinin təkmilləşdirildiyini, yeni Gömrük Məcəlləsinin tətbiqinə başlanıldığını və 40-dan çox normativ-hüquqi aktların qəbul edildiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Dekabrın 4-dək davam edəcək seminarda Ümumdünya Gömrük Təşkilatının ekspertləri Oluimo Da Silva və Changsheng Lİ "Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyasının razılığa gələn tərəflərinin hüquq və öhdəlikləri", "Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası barədə ən son müzakirələr", "Baş əlavəyə dair təqdimat", "Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyasının gömrük brokerlərinə aid xüsusi müddəaları", "Rəsmiləşdirmə və malların buraxılışı", "Gömrük brokerləri ilə bağlı ən son müzakirələr" və digər mövzularda iştirakçılara ətraflı məlumat verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə