Noyabrın 24-də SOCAR-ın Baş ofisində Aberdin Qazma Məktəbinin direktoru Cim Sazerlənd və məktəbin biznes inkişafı departamentinin meneceri Tom Donnelli ilə görüş olub. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qonaqları səmimi salamlayıb, SOCAR-la Aberdin Qazma Məktəbi arasında 2 il öncədən başlanıb səmərəli əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini vurğulayıb. Səmimi qəbul üçün təşəkkürünü bildirən Aberdin Qazma Məktəbinin direktoru Cim Sazerlənd Azərbaycanın dünya neft-qaz sənayesi tarixində mühüm rolu haqqında məlumatlı olduqlarını, belə bir ölkəyə səfərdən məmnunluq duyduqlarını söyləyib. SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb, qeyd olunub ki, əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə böyük nailiyyətlər qazanılmış, qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılıb. Ötən dövr ərzində neft-qaz sektorunda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında yüksəlişə səbəb olub. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açan SOCAR rəsmisi qeyd edib ki, "Şahdəniz" yatağının işlənilməsi, eləcə də Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutan TANAP və TAP layihələri ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin etmişdir. Bütün bu uğurların təməlində yüksək ixtisaslı neftçi əməyinin durduğu qeyd edilmiş, Şirkətin 2005-ci ildən həyata keçirməyə başladığı kadr hazırlığı layihələri, daxili və xarici təqaüd proqramları, eləcə də Şirkətin nəzdində yaradılmış Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib.
Maraqlı informasiyalara görə təşəkkürünü bildirən Cim Sazerlənd rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat vermiş, qeyd etmişdir ki, 1982-ci ildən fəaliyyət göstərən bu Məktəb ötən əsrin 90-cı illərindən dünyanın bir çox ölkələrində quyulara nəzarət və quyuların tənzimlənməsi sahələri üzrə fəaliyyətini genişləndirib. Hazırda üç ölkədə qazma məktəbinə malik olduqlarını, bir neçə ölkədə isə genişmiqyaslı layihələr həyata keçirdiklərini vurğulayan qonaq SOCAR, onun Kompleks Qazma İşləri Tresti (KQİT), habelə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) ilə sıx əməkdaşlıq münasibətləri qurulduğunu söyləmişdir. KQİT-in müdiri İskəndər Şirəli Aberdin Qazma Məktəbi ilə səmərəli əməkdaşlıq münasibətlərindən bəhs etmiş, bu Məktəbin neft və qaz quyularının ən müasir texnologiyaları üzrə bütün dünyada tanındığını diqqətə çatdırmış, xüsusilə yüksək təzyiqli quyuların qazılması üzrə Məktəbin yaxşı təcrübəyə malik olduğunu vurğulamışdır. Aberdin Qazma Məktəbi ilə SOCAR arasında uzunmüddətli təlim müqaviləsi çərçivəsində KQİT-nin 64 mütəxəssisinin yüksək səviyyəli təlim keçdiyi diqqətə çatdırılıb.
SOCAR-la əməkdaşlığın genişləndirilməində maraqlı olduqlarını bildirən qonaqlar Qobustan Regional Təlim Mərkəzindəki qazma simulyatoru, eləcə də digər avadanlıqlarla, Mərkəzin imkanları ilə tanışlıqdan aldıqları təəssüratları bölüşüblər. Maraqlı ideyalarla zəngin olan görüşdə SOCAR və Aberdin Qazma Məktəbi tərəfindən mövcud potensialdan və təcrübədən istifadə etməklə yüksək səviyyəli qazmaçı mütəxəssislərin birgə hazırlanması məqsədi ilə regional əhəmiyyətli bir mərkəzin yaradılması haqqında fikir də səsləndirilib. Aberdin Qazma Məktəbinin nümayəndələri səmərəli əməkdaşlıq üçün SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildirib, əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə inandıqlarını söyləmiş, perspektiv əməkdaşlıq imkanları haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB