Son vaxtlar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi altında dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov SİA-ya bildirib ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin balansında istismar olunan lokomotivlərin istismar müddətinin keçməsini nəzərə alaraq, inventar parkının yenilənməsi çərçivəsində Qazaxıstan Respublikasının "Lokomotiv quraşdırma" Səhmdar Cəmiyyəti ilə 10 ədəd yeni istehsal edilmiş, yükdaşımada istismar edilməsi nəzərdə tutulan TE33A "Evalution" tipli teplovozun alınması üçün müqavilə imzalanıb: "TE33A "Evalution" tipli teplovoz müasirliyi ilə yanaşı, dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəlidir və 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilib, çəkisi 138 ton, gücü (4400 at gücü) 3356 kVt-dır. Bu teplovozların birincisi bu il avqustun 3-də Çin Xalq Respublkasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəmizə gətirilib. Həmin teplovozlardan daha 5 (beş) ədədi Azərbaycana gətirilib, yerli şəraitə uyğun olaraq sınaqdan çıxarılıb, teplovoz maşinistlərinə yeni texnikanın idarə edilməsi öyrədilib".
Mətbuat Katibliyinin rəisi qeyd edib ki, sözügedən teplovozların istismarı zamanı müəyyən edilib ki, onlar 2TE10M seriyalı magistral teplovozlarla müqayisədə dizel yanacağına 30-35 faiz qənaət etməklə sahə üzrə 3200 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.
"Bundan başqa "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Estoniya Respublikasının "Hanseatic Rail LLC" şirkəti arasında bağlanmış müqaviləyə əsasən 4 (dörd) ədəd yeni quraşdırılmış, müasir VL-11m6 seriyalı elektrovoz alınıb. Bu elektrovozlar 2014-cü ildə istehsal edilib. Onların çəkisi 184 ton, gücü 5680 kvt-dır. Sözügedən elektrovozlar sahə üzrə 3500-4000 tonluq yük qatarını sərbəst daşımağa qadirdir"- deyə, o əlavə edib.
Qeyd edək ki, alınmış hər iki növ lokomotivlərdə müasir təhlükəsizlik avadanlıqları quraşdırılıb, lokomotiv briqadalarının işləməsi üçün bütün şərait yaradılıb, kondisioner, soyuducu və mikrodalğalı qızdırıcılarla təchiz edilib. Yeniləşmə prosesi sürətlə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB