Kənd təsərrüfatı işçilərinə dövlət mükafatları təqdim edilib
Kənd Təsərrüfatı Nazirliyində Kənd Təsərrüfatı İşçiləri Günü ərəfəsində Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təltif olunan bir qrup kənd təsərrüfatı işçisi ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə çıxış edən nazir Heydər Əsədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə kənd təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə minnətdarlığını bildirib, təltif olunanları təbrik edərək onlara vəsiqələri və medalları təqdim edib.
Nazir Heydər Əsədov "Kənd təsərrüfatı ili" çərçivəsində həyata keçirilmiş institusional islahatlar, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, eyni zamanda, kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr barədə danışıb, aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi üçün məsləhət və tövsiyələrini verib. Heydər Əsədov ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bundan sonra da əzmkarlıqla çalışacaqlarını diqqətə çatdırıb.
"Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adına layiq görülmüş nazir müavini İlham Quliyev, "Tərəqqi" medalı ilə təltif olunmuş Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai və Lənkəran rayonundan çayçı fermer İlyas Əliyev onların əməyinə verilən qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, bunu bütün kənd zəhmətkeşlərinə verilən qiymət kimi dəyərləndiriblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci il 29 oktyabr tarixli sərəncamları ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 3 nəfər "Əməkdar kənd təsərrüfatı işçisi", 2 nəfər "Əməkdar Müəllim" adlarına layiq görülüb, 5 nəfər "Dövlət qulluğunda fərqlənməyə" görə medalı, 23 nəfər "Tərəqqi" medalı ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB