Bakı-Sumqayıt-Bakı qatarlarının yüz mininci şərnişini bəlli oldu FOTOLAR - VİDEO
Xəbər verdiyimiz kimi, sentyabrın 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. SİA-nın məlumatına görə, "Stadler Rail Qroup" şirkətinin istehsalı olan yüksək komfortlu KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artır.
Bu gün Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının xidmətindən istifadə edən yüz mininci sərnişin müəyyənləşib. Biletin sahibi Memarlıq və İnşaat Universitetinin tələbəsi, 17 yaşlı Tacan Kərimli olub. Tələbəyə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən biznes-klass vaqonuna bir ay ərzində pulsuz gediş sertifikatı verilib.
T.Kərimli bildirib ki, bu ilin sentyabr ayının 15-dən Bakı-Sumqayıt-Bakı qatarının xidmətindən istifadə edir: "Yüz mininci sərnişin oldum. "Azərbaycan Dəmir Yolları" QSC-yə mənə biznes-klass vaqonuna bir aylıq pulsuz gediş sertifikatı hədiyyə etdiyinə görə, minnətdarlığımı bildirirəm. Qatarların xidmətindən çox razıyam. Hər gün tam rahat şəkildə mənzil başına çata bilirik".
"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədət Şixəmirov qeyd edib ki, Bakı-Sumqayıt-Bakı sürət qatarları Azərbaycan dəmir yollarına yenilik gətirib: "Qatarlardan çoxlu sayda insanlar istifadə edirlər. Keçirilən sorğulardan da məlum olub ki, sərnişinlər Bakı-Sumqayıt-Bakı qatarlarından razıdırlar. "Azərbaycan Dəmir Yolları" QSC olaraq gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz mənzil başına çatdırılması istiqamətində işlərimizi davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB