T20 samiti öz işinə başlayıb

"Böyük İyirmiliyin (G20) Samitində iştirak etmək üçün artıq dünyanın aparıcı liderləri Türkiyənin Antalya şəhərinə gəlməkdədirlər. Antalyada noyabrın 15-16-da təşkil ediləcək G20 Liderlər Samitinə dünya aparıcı dövlət və hökumət başçıları qatılacaqlar". SİA-nın məlumatına görə, bunu iqtisadçı alim Vüqar Bayramov söyləyib. İqtisadçı bildirib ki. Azərbaycan Prezidenti İlham Əliyevin də Antalyaya noyabrın 14-də gələcəyi gözlənilir: "Qeyd edim ki, samit ərəfəsində nəşr edilən və dünyanın aparıcı liderləri də daxil olmaqla iştirakçılar arasında yayımlanan "G20" dərgisində cənab İlham Əliyevin "Ümumi Strategiyanın Formalaşdırılması" başlıqlı məqaləsi də dərc edilib. Qürurverici haldır ki, Azərbaycan Prezidentinin məqaləsi dərginin əsas yazılarından biri kimi buraxılışın ön səhifələrində yerləşdirilib. Məqalədə ölkəmizin müstəqillik illərində keçdiyi yol, iqtisadiyyatın diversifikasiyası ilə bağlı məqamlar ilə yanaşı multikulturalizm kimi digər vacib məsələlər də öz əksini tapıb. Azərbaycanda həyata keçirilən islahatlar ilə yanaşı dövlət başçısı Antalya G20 Liderlər Samiti konteksində qlobal məsələlər ilə bağlı öz fikirlərini bölüşüb".

V.Bayramov diqqətə çatdırıb ki, bu gün Beyin İyirmi (T20) samiti öz işinə başlayıb: "Samitdə dünyanın aparıcı beyin mərkəzləri nümayəndələri ilə yanaşı, hökumət və biznes təmsilçiləri iştirak edir. Samit dünya iqtisadiyyatındakı mövcud durumun qiymətləndirilməsi ilə bərabər Liderlər Samit üçün xüsusi təkliflər paketi də hazırlayacaq. Antalyada bu istiqamətdə müzakirələr davam edir. Müzakirələr sabah böyük dünya liderləri Antalyaya gələnədək yekunlaşacaq. Bütövlükdə, Liderlər Samitinin heç də asan keçməyəcəyi gözlənilir. Qlobal iqtisadi geriləmələr, enerji resursların qiymətindəki azalmalar, Rusiyaya qarşı tətbiq edilən sanskiyalar fonunda dünyanın siyasi və iqtisadi xəritəsi heç də aydın görünmür. Bu artıq burada təşkil edilən ilkin müzakirələrdə hiss edilməkdədir. Samitin keçirildiyi Antalyanın Bələk bölgəsində ciddi təhlükəsizlik tədbirləri təşkil edilib. Hava məkanında daimi olaraq helikopterlərin uçuşu müşahidə edilir. Bələk bölgəsinə giriş və çıxış ciddi şəkildə məhdudlaşdırıb. Təhlükəsizlik yalnız Türkiyə deyil, eyni zamanda digər aparıcı ölkələrin təhlükəsizlik qüvvələri tərəfindən qorunur. Artıq liderlərin qalacağı hotellər və tədbirin keçiriləcəyi məkan bəllidir. Bütün yollar müxtəlif ölkələrdən olan təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır".

Bütün xəbərlər Facebook səhifəmizdə