"Bu qazın heç bir qiyməti yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban qaz hasilatının 6 faiz aşağı düşdüyü ilə bağlı verilən məlumata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatında əmtəəlik qaz hasilatının 4 faiz artığı bildirilib.
Ekspert bildirib ki, sözü gedən 6 faizlik azalma texniki qaza şamil olunur: "Dünyada heç bir ölkədə, heç bir şirkətdə texniki qazla bağlı rəqəmlərdən istifadə edilmir. Çünki texniki qaz qiyməti olmayan bir obyektdir. Texniki qazdan sadəcə neft quyularına vurmaq üçün istifadə edilir. Bir sözlə qiyməti olmayan obyektin faizinin artmasının və ya azalmasının nəzərə alınması yanlışdır".
İlham Şaban qeyd edib ki, Dövlət Statistika Komitəsi neft və ya qazın hasilatını açıqlayarkən iki rəqəmi nəzərə alır: "Birinci ümumi hasilat, ikinci isə əmtəəlik hasilatdır. Quyuda olan və hələ çıxarılmamış məhsul ümumi hasilatdır. Əmtəəlik hasilat isə təmizlənmiş, sahilə çatdırılmış və istehlak üçün nəzərdə tutulan həcmdir. Yəni əmtəəlik hasilatdan kommersiya məqsədilə istifadə edilir".
Ekspert sonda diqqətə çatdırıb ki, əmtəəlik qazın qiyməti var, lakin texniki qazın qiyməti yoxdur və qiyməti olmayan bir obyektin həcminin də əhəmiyyəti yoxdur: "Texniki qazdan neft quyularının təzyiqini lazımı səviyyədə saxlamaq üçün istifadə edilir və yenidən yerin altına vurulur. Faktiki olaraq yerin üstünə çıxmır. Ümumilikdə isə qaz hasilatı faizi aşağı düşməyib. Əksinə, 2015-ci ilin 9 ayının yekunlarına görə qaz hasilatı 4 faiz artıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB