Azərbaycan AB ilə iqtisadi əlaqələrini genişləndirir

Azərbaycan AB ilə iqtisadi əlaqələrini genişləndirir

Azərbaycanın Avropa Birliyi ilə iqtisadi əməkdaşlığı genişlənməkdə davam edir. Artıq neft sektoru ilə yanaşı, qeyri neft sektorunda da irəliləyişlər nəzərə çarpır. SİA-nın məlumatına görə, hazırda Azərbaycanda istehsal olunan ərzaq məhsullarının Avropa standartlarına uyğunlaşdırılması prosesi gedir.

Bu barədə məlumatı şərh edən iqtisadçı Vüqar Bayramov bildirib ki, Avropa Birliyi Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir və hazırda ticarət əlaqələrinin daha da genişləndirilməsi fonunda işlər aparılır: "Azərbaycanın ticarət dövriyyəsinin yarıdan çoxu Avropa Birliyinin payına düşür. Bunun ən əsas səbəbi isə Azərbaycan neftinin Avropaya ixrac olunmasıdır".

Statistikaya görə, 2014-cü ildə SOCAR-ın neft hasilatı 8320.4 min tonu, Azərbaycan üzrə ümumi hasilat isə 42022.7 min tonu təşkil edib. 2014-cü il üzrə qaz hasilatı isə SOCAR üzrə 8320.6 min tonu, Azərbaycan üzrə isə 42067.1 min tonu təşkil edib.

Vüqar Bayramov qeyd edib ki, əgər Azərbaycan indiki məqamadək Avropa ilə yalnız neft və qaz sahəsi üzrə əməkdaşlıq edirdisə, artıq qeyri neft sektoru üzrə də əməkdaşlıq edir: "Azərbaycan Avropa bazarına böyük həcmdə neft və mavi qazla yanaşı yeyinti və ərzaq məhsullarını da ixrac edir. Artıq ərzaq məhsullarının Avropa standartlarına uyğunlaşdırılması prosesi gedir. Bu proseslə Azərbaycan Avropanı bir çox məhsul ilə təmin edə biləcək".

İqtisadçı Ruslan Atakişiyev Azərbaycanın Avropa ilə daha çox kənd təsərrüfatı və ərzaq məhsulları ixrac etdiyini bildirib. Onun sözlərinə görə, məhsullar arasında xüsusilə çay, qoz-fındıq və əkin məhsulları üstünlük təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə