Bu gün Milli Məclisin Sosial Siyasət komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasa Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov da dəvət olunub.
İclasın gündəliyinə "Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi" layihəsi, 2016-cı il yaşayış minimumu və 2016-cı il ehtiyac meyarı məsələləri daxil edilib.
Tədbiri giriş nitqi ilə açan komitə sədri Hadı Rəcəbli bildirib ki, DSMF son illər sistemli işlər həyata keçirir: "2006-cı ildə DSMF-nin büdcəsi cəmi 567 milyon, 600 min manat idisə, 2011-ci ildə bu rəqəm 1 milyard 971 milyon manat olub. Gələn il üçün isə 3 milyard 79 milyon manat nəzərdə tutulub. 2012-ci ildən başlayaraq büdcənin DSMF-yə ayırdığı vəsaitin həcmi demək olar ki, dəyişməyib. 2012-ci ildə büdcədən DSMF-yə 42 faiz vəsait köçürülürdüsə, gələn il bu rəqəm təxminən 35 faiz nəzərdə tutulub. Bu o deməkdir ki, DSMF sığorta haqlarının toplanması istiqamətində ardıcıl işlər həyata keçirib və bu vəsaitlərin daha səmərəli istifadə olunmasını qura bilib.
2006-cı ildə sanatoriya-kurort xəclərinə 4 milyon 700 min manat pul ayrılıb. Gələn il isə 14 milyon 880 manat ayrılacaq. 2006-cı ildə uşaqların istirahəti üçün 70 min manat vəsait ayrılırdısa, gələn il bu vəsait 320 min manat olacaq. Bu müqayisələr onu göstərir ki, ölkəmizdə bu istiqamətdə uğurlu işlər aparılır. Cənab Prezident pensiyanın baza hissəsinə, ümumiyyətlə pensiya fonduna daim dəstək göstərir və bu istiqamətdə mütəmadi işlər aparır".
Daha sonra çıxış edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fondun 2016-cı il üçün əsas gəlirlərinin 3 milyard 78,6 milyon manat həcmində olmasının planlaşdırıldığını deyib: "Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 milyon manat və ya 0,7 faiz çoxdur. Bu gəlirlərin 64.1 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bunun da məbləği 1 milyard 972,2 milyon manat olmaqla, 2015-ci ilin proqnozlarından 22 milyon manat çoxdur. Gələn il də məcburi sosial sığorta haqları üzrə daxilolmaların proqnozlarının 64,5 faizi və ya 1 milyard 272 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Bu da 2015-ci ilin müvafiq göstəricisindən 20,9 milyon manat çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən bu sahə üzrə daxilolmalar 53,5 milyon manat nəzərdə tutulub".
Fond sədri qeyd edib ki, növbəti ildə dövlət büdcəsindən ayırmalar, yəni transferlərin proqnozu 1 milyard 100 milyon manat nəzərdə tutulub: "Bu da cari ilin təsdiq olunmuş proqnozu ilə eynidir. Digər gəlirlər üzrə daxilolmalar isə 6,4 milyon məbləğində proqnozlaşdırılır".
DSMF-nin 2016-cı il üçün xərclərindən bəhs edən DSMF sədri bildirib ki, bu xərclər 3 milyard 78,6 milyon manat səviyyəsində olacaq: "Bu, 2015-ci ilin göstəricisindən 22,3 milyon manat və ya 0,7 faiz artıqdır. Növbəti ildə əhaliyə ödənişlər 3 milyard 11,2 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 22 milyon manat və ya 0,7 faiz çoxdur. Əmək pensiyalarının ödəniş xərcləri əhaliyə edilən ödənişlərin 97,12 faizini təşkil edəcək. 2016-cı ildə bu sahədəki proqnozlar bu ilə nisbətən 0,4 faiz və ya 13,1 milyon manat artımla, başqa sözlə 2 milyard 923,6 milyon manat həcmində nəzərdə tutulub. Gələn il məcburi sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclər 2015-ci ilə nisbətən 11,3 faiz və ya 8,9 milyon manat çox olmaqla, 87,6 milyon manat məbləğində proqnozlaşdırılır. Digər xərclər isə 67,4 milyon manat həcmində nəzərdə tutulub".
Onun sözlərinə görə, növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqları xərcləri 20 milyon manat olacaq: "Sığortaolunanların sanatoriya və kurort müalicəsi, eyni zamanda sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclər 19,1 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2015-ci ilin həmin dövrü ilə eyni səviyyədədir. DSMF aparatının və filiallarının saxlanılması xərclərinin proqnozu gələn il üçün 27 milyon manat həcmində nəzərdə tutulub".
E. Mehdiyev deyib ki, Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "Pensiya və Sosial Təminat" layihəsi üzrə kreditin qaytarılmasına 1,3 milyon manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri üçün 40 min manat vəsaitin ayrılması nəzərdə tutulub: "Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi" layihəsinin təklif olunan variantda qəbulu ölkəmizdə əldə edilən iqtisadi potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların təminatına yönəldilməsinə imkan verəcək"
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov çıxış edərək sözügedən məsələlər haqqında danışıblar.
Məsələlər millət vəkilləri tərəfindən müzakirə olunub, deputatlar təklif və suallarını səsləndiriblər.
Gündəlikdə olan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB