SOCAR beynəlxalq sərgi-konfransda iştirak edib

SOCAR beynəlxalq sərgi-konfransda iştirak edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Sankt-Peterburqda keçirilən "Rusiya Arktikasının və MDB dövlətlərinin kontinental şelfinin neft və qaz ehtiyatlarının mənimsənilməsi" mövzusunda 12-ci Beynəlxalq sərgi-konfransda iştirak edib.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, dünyanın 16 ölkəsindən 60-dan çox şirkətin qatıldığı tədbirdə SOCAR-ın pavilyonu uğurla nümayiş olunub. Rusiya Federasiyası energetika nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın pavilyonunda olub, onlara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər və uğurlar barədə ətraflı məlumat verilib. SOCAR-ın ölkədaxili və beynəlxalq layihələrdə iştirakı, rolu, imkanları, son dövrlərdə əldə olunan nailiyyətlər, perspektiv planlar barədə məlumatlar, jurnal-bülleten, reklam xarakterli suvenirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bir çox yerli və xarici şirkət nümayəndələri SOCAR-la əməkdaşlıq etmək üçün təkliflər verib, gələcəkdə nəzərdə tutulan tədbirlərdə şirkətin pavilyonunu yenidən görmək istədiklərini vurğulayıblar.

Sərgi-konfransda SOCAR-ın pavilyonu sərgi stendləri müsabiqəsində 2-ci yeri tutaraq, "Stendin ən yaxşı dizaynı" və "12-ci Beynəlxalq sərgi-konfransın keçirilməsində yüksək professionallıq və aktiv iştirakına görə" diplomlarına layiq görülüb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri də sərgi-konfransda iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə