Azərbaycan-Çexiya biznes forumu keçirildi

Prezidentlər iş adamlarına dəstəyini ifadə edib
Azərbaycan-Çexiya biznes forumu keçirildi

Cari ilin 8 ayında Azərbaycan iqtisadiyyatı 4 faizdən çox artıb. Qeyri-enerji sektorunda artım 7 faizdən çox olub. Prezident İlham Əliyev Azərbaycan -Çexiya biznes forumunda çıxışı zamanı belə deyib. Çoxlu sayda iş adamının və rəsmilərinin iştirak etdiyi biz nes forumda hər iki ölkənin prezidenti çıxış edərək iş adamlarına dəstəyini ifadə edib.

Prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin yaxşı koordinasiya olunmasının vacibliyinə toxunub. Dövlət başçısı səfər çərçivəsində Çex Respublikası banklarının ölkəmizdəki layihələrdə iştirakının müzakirə olunduğunu, Azərbaycanın maliyyə tərəfdaşı kimi öhdəliklərini uğurla yerinə yetirdiyini, gələcək illərdə əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinə ehtiyacın olduğunu diqqətə çatdırıb.

Ölkəmizdəki sərmayə mühitindən danışarkən Prezident İlham Əliyev bildirdi ki, ötən il Azərbaycana 27 milyard dollar sərmayə yatırılıb və bu sırada xarici investisiyalar xüsusi çəkiyə malikdir. Bu da onu göstərir ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda müsbət sərmayə mühiti hökm sürür. Bunu təsdiqləyən əsas amillərdən biri də cari ilin 8 ayında Azərbaycan iqtisadiyyatının 4 faizdən çox artması, qeyri-neft sektorunun inkişaf etməsi, xarici borcumuzun 10 faizdən aşağı olmasıdır. Azərbaycan iqtisadiyyatın dünyada 40 ən qabaqcıl iqtisadiyyatlardan biridir.

Çex Respublikasının Prezidenti Miloş Zeman ölkələrimiz arasında müəyyən oxşarlıqların olduğunu və bu bənzərliyin iqtisadi sahədə də özünü göstərdiyini deyib. Belə ki, Azərbaycan kimi Çex Respublikası da Avropa məkanında işsizliyin və xarici borcun aşağı həddə olması ilə fərqlənir. Ölkəsinin idxal etdiyi neftin 30 faizdən çoxunun Azərbaycandan gəldiyini deyən Miloş Zeman iki ölkə arasında sıx əməkdaşlığın qurulduğunu bildirib. Bu nailiyyətin biznes dairələrini də əhatə etməsinin vacibliyinə diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə