“Bakı-Xırdalan-Sumqayıt” qatarı sərnişinlərin istifadəsinə verilib FOTOLAR

“Bakı-Xırdalan-Sumqayıt” qatarı sərnişinlərin istifadəsinə verilib FOTOLAR

Xəbər verdiyimiz kimi, "Bakı-Xırdalan-Sumqayıt" qatarı sərnişinlərin istifadəsinə verilib. SİA-nın məlumatına görə, bu gün "Azərbaycan Dəmir Yolları" QSC sözügedən xəttə çalışan yeni qatarların iş prinsipini icimaiyyətə daha dolğun çatdırmaq məqsədi ilə jurnalistlər üçün tur təşkil edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin rəisi Samir Qənili jurnalistlərə terminaldan biletlərin alınması qaydasını göstərib. Bildirib ki, Bakı sərnişin stansiyasında 4 ədəd bilet satış terminalı quraşdırılıb. Onun sözlərinə görə, sərnişinlər avtomat terminaldan başqa, iki ədəd kassadan da bilet ala bilərlər. Şöbə rəisi qeyd edib ki, bir neçə ay ərzində Bakı metropolitenində və "BakuBus" avtobuslarında istifadə olunan "BakıKart"ın "Bakı-Xırdalan-Sumqayıt" qatarına inteqrasiyası nəzərdə tutulub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov isə məlumat verib ki, Tarif Şurası tarifləri təsdiq edənə qədər sərnişinlər qatarlardan pulsuz istifadə edəcək: "Pulsuz işləyən müddətdə qatarlar Bakıdan səhər 08:00-da və axşam 20:00-da, Sumqayıtdan isə səhər 09:30-da və axşam 21:30-da hərəkət edəcək. Tarif Şurasının qərarından sonra qatarlar səhər saat 06:00-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 06:00-12:00 aralığında qatarlar həm Bakıdan, həm də Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. Saat 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında isə elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. Qatarlar Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək. Xəttə buraxılacaq 8 elektrik qatarından 3-ü ikimərtəbəlidir".

Qeyd edək ki, ikimərtəbəli sərnişin qatarları "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunan, 4 vaqondan ibarət "KİSS" markalı elektrik qatarlarıdır. 919 sərnişin tutumu olan qatarda oturaq yerlərin sayı 396-dır ki, bunların 84-ü "biznes sinfi"nə aiddir. "Biznes sinfi"nə aid olan yerlərdə sərnişinlər kofe və çay ilə təmin olunurlar

Qatarlarda əlil insanların istifadəsi üçün yerlər, müşahidə kameraları və ödənişsiz WİFİ internet şəbəkəsi fəaliyyət göstərir. İlin sonunda ikimərtəbəli qatarlardan daha ikisinin də ölkəmizə gətirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə