Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Yerli arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Abduləliyev və Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Bəxtiyar Qılıncov, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri iştirak ediblər.
Həmçinin, tədbirdə bölgələrdən dəvət edilən arıçılıq təsərrüfatı ilə məşğul olan fiziki şəxslər qatılıb. Bu müəssisələrin məhsullarının kiçik sərgisi təşkil olunub. Sərgidə Quba, Şəki, Masallı, Qəbələ və s. rayonlardan dəvət olunan 17 fiziki şəxs və müəssisəsinin 10-dan çox arıçılıq məhsulu təqdim olunub.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov kənd təsərrüfatının inkişafının ölkədə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissələrindən biri olduğunu, arıçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərildiyini vurğulayıb. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş əvvəlki dövlət proqramlarında arıçılığın inkişafı ilə bağlı nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilib.
Kənd Təsərrüfat Nazirliyinin şöbə müdiri Qalib Abduləliyev aqrar sahədə görülən işlər və nailiyyətlər, ölkədə arıçılığın inkişafı, o cümlədən damazlıq işinin təşkili ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Bəxtiyar Qılıncov son illər Azərbaycanda turizm sənayesinin sürətlə inkişaf etdiyini, ölkəmizə gələn turistlərin sayının artdığını, arıçılıq məhsullarının satışının təşkili və sərgilənməsində turizm müəssisələrində əlverişli imkanların olduğunu vurğulayıb.
Tədbirin davamında mövzu ətrafında müzakirələr aparılıb, bal məhsullarının beynəlxalq standartlara uyğun qablaşdırılması, təşviqi və satışı imkanlarının genişləndirilməsi istiqamətində təkliflər səsləndirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB