"Rusiyada baş verənlərə görə, soydaşlarımız Azərbaycana üz tutacaqlar" AÇIQLAMA

"Rusiyada baş verənlərə görə, soydaşlarımız Azərbaycana üz tutacaqlar" AÇIQLAMA

"Rusiyadan Azərbaycana daxil olan vəsaitlərin həcmi azalıb. Bu, Rusiyada baş verən maliyyə böhranı ilə əlaqədardır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev söyləyib.

İqtisadçı bildirib ki, Rusiyada baş verən maliyyə böhranı getdikcə dərinləşməkdə olan proseslər gəlir əldə etmək imkanlarını məhdudlaşdırır: "Rusiyaya tətbiq olunan sanksiyalar, neftin qiymətinin ucuzlaşması kimi amillər Rusiyada iş yerlərinin bağlanmasına gətirib çıxarır. Bu da gəlir əldə etmək imkanlarını azaldır. Bunun nəticəsidir ki, Rusiyadan Azərbaycana daxil olan vəsaitlərin həcmi azalır. Bir müddət öncə hətta Rusiyada olan azərbaycanlı iş adamları bizneslərini qurtarmaq üçün Bakıda olan əmlaklarını belə satırdılar. İndiki dövrdə böhranın daha da dərinləşməyi gözlənilir. Çünki dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar təbii ki, bu dövləti geri aparır və vəziyyəti daha da ağırlaşdırır. Bu prosesin hələ də davam edəcəyi gözlənilir. Onu da deyim ki, qarşıdakı illər bizim üçün də asan olmayacaq. Neftin qiymətinin azalması, dünyada baş verən iqtisadi böhran bizə də təsir göstərir. Bu baxımdan Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana qayıtması yaxşı heç nə vəd etmir. Ancaq Rusiyada baş verən maliyyə böhranına görə soydaşlarımız müəyyən qədər Azərbaycana üz tutacaqlar. Lakin bunun geniş miqyas alacağını düşünmürəm. Hesab edirəm ki, bütün hallarda Azərbaycan hökuməti Rusiyada yaşayan və çalışan əmək miqrantlarımızla bağlı ciddi bir proqramın işlənməsinə ehtiyac var. Düşünmək lazımdır ki, onların Azərbaycana qayıtması hansı problemlərin yaranmasına səbəb ola bilər. Təəssüf ki, bununla bağlı hər hansı bir proqram yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə