Abid Şərifov: "Gömrük sadələşdirilməsi birtərəfli şəkildə aparıla bilməz"

Abid Şərifov: "Gömrük sadələşdirilməsi birtərəfli şəkildə aparıla bilməz"

"Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu işə düşdükdən sonra gömrük sadələşdirilməsi birtərəfli şəkildə aparıla bilməz. Bunu hər üç tərəf - Azərbaycan, Türkiyə və Gürcüstan birgə razılaşdırılmalıdır. Düşünürük ki, layihə istifadəyə verildikdən sonra həm bizim, həm də yükdaşıyanlar üçün ən faydalı koridor istifadəyə verilməlidir". SİA-nın məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavinin sözlərinə görə, BTQ dəmiryolu layihəsinin icrası ilə bağlı gömrük sadələşdirilməsi sahəsində aparılan danışıqlarla bağlı hələlik heç bir açıqlama vermək mümkün deyil: "Gömrük sadələşdirilməsinin əsas məqsədi yük daşıyanlar üçün çətinliyin yaradılmamasıdır".

A.Şərifov bununla bağlı vahid tariflərin tətbiqinin vacibliyini də diqqətə çatdırıb: "Bu yaxınlarda bununla bağlı müvafiq qərar qəbul edilməlidir. Azərbaycan seqmentində daşınan yüklərə həmçinin, Aktaudan, Türkmənbaşından Azərbaycana gələn, Gürcüstana, Türkiyəyə və digər ölkələrə keçən yüklərə vahid tariflər tətbiq edilə bilər. Bu gün Azərbaycandan tranzit daşıyanlar bəzi problemlərlə rastlaşırlar. Bununla bağlı məsələyə qısa müddətdə baxılmalı və yekun qərar qəbul edilməlidir. Bir sözlə, digər ölkələrdə olduğu kimi, Azərbaycan koridoru da cəlbedici olmalıdır".

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə