2016-cı il üçün büdcə PROQNOZLARI

"Dünya bazarında neftin qiymətinin düşməsi bəzi ixtisarlara yol açacaq". Bu sözləri SİA-ya iqtisadçı ekspert Samir Əliyev neftin qiymətinin aşağı düşməsinin 2016-cı il üzrə dövlət büdcəsinə təsirindən danışarkən deyib.

O, bildirib ki, 2015-ci il üzrə dövlət büdcəsində neft 90 dollardan hesablanmışdı. Amma orta illik qiymət hazırda 60 dollardan aşağıdır: "90 dollar həddindən artıq yüksək bir proqnoz idi. Hazırda neft qiymətləri 50 dollar civarındadır. Bu da onu göstərir ki, büdcənin icrasında müəyyən ixtisarlar qaçılmaz olacaq. Gələn il üçün neft 50 dollardan nəzərdə tutulub. Hələ ki, büdcənin parametrləri ilə bağlı məlumat verilməyib. Amma 2016-cı il üzrə proqnozlar onu göstərir ki, büdcə 15 milyard dollar civarında olacaq".

İqtisadçının sözlərinə görə, hazırda əsas məqam dövlətin hansı sahələr üzrə ixtisarlar edəcəyindən ibarətdir: "Büdcənin ixtisarı dövlət xərclərinin azalması deməkdir. Dövlətin ilk müdaxilə edəcəyi sahə investisiyalardır. Düşünürəm ki, ilk növbədə investisiya xərcləri azaldılacaq. Hansı ki, bu xərclər 4-5 milyarddan çox olacaq. Sosial layihələrin ixtisarı isə gözlənilmir. Sadəcə ola bilsin ki, sosial layihələrin icrası müəyyən dərəcədə məhdudlaşdırılsın. Eyni zamanda nazirliklər üzrə müəyyən inzibati xərclər azaldıla bilər. Dövlətin ən son edəcəyi sahə maaş, pensiya, sosial ödənişlərdir. Bu sahələr ən axırda ixtisar olunan sahələrdir. Lakin daha çox ixtisarlar investisiya xərcləri üzrə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə